“Turan Tovuz”un baş məşqçisi Qurban Berdıyev Premyer Liqnın açılış turunda “Qəbələ” üzərində qazanlan qələbəni (1:0) şərh edib.
Mütəxəssis matçın gözlənildiyi kimi gərgin keçdiyini bildirib: “Təxmin etdiyimiz kimi, çətin oyun oldu. Qalib gəldiyimiz üçün şadam, çünki startda qazanılan bu qələbə bizim üçün çox vacib idi. Tavares və Balau komandaya olduqca yaxşı uyğunlaşıblar. Xüsusilə, Balaunun gəlişinə çox sevinirik. Tavaresə gəldikdə isə o, bu mövsüm tamamilə fərqli səviyyədə oyun nümayiş etdirir”.
Daha sonra baş məşqçi zədə səbəbindən komandaya kömək edə bilməyən Jo Batista və Vacinin durumuna aydınlıq gətirib: “Jonun zədəsinin ciddilik dərəcəsi sabahkı tibbi müayinədən sonra məlum olacaq. Vaci isə məşq zamanı zədələnib. Ümid edirəm ki, hər ikisi qısa zamanda heyətə qayıdacaq”.
Berdıyev 90 dəqiqə ərzində bir neçə futbolçunun zədələnməsinin ağır təlim-məşq toplanışı ilə əlaqələndirilməsi fikri ilə qətiyyən razılaşmayıb. O, zədələrin oyunun sərtliyi və ikili mübarizələr zamanı yaranan mikrotravmalarla bağlı olduğunu vurğulayıb: “Arxadan və ya qabırğa nahiyəsinə endirilən zərbələri fiziki hazırlıqla necə əlaqələndirmək olar? Bu zədələr müstəsna olaraq ikili mübarizələr və mikrotravmalar nəticəsində yaranır. Məsələn, Jo ilə məhz belə oldu. Balau isə rəqibin arxadan kobudluğuna məruz qaldıqdan sonra ayağını burxdu. Yəni baş verənlərin fiziki forma ilə heç bir əlaqəsi yoxdur”.
Sonda təcrübəli çalışdırıcı ötən mövsümün yekunlarına əsasən “Turan Tovuz”un avrokuboklardan kənarda qalması ilə nəticələnən diskvalifikasiya qərarına da qısaca toxunub: “Artıq müvafiq qərar qəbul edilib və biz öz yolumuza davam etməyə məcburuq”.