Keçmiş futbolçu Andrey Tlumak Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutan “Qarabağ” – “Dinamo” (Kiyev) cavab oyunu ilə bağlı təəssüratlarını eksklüziv olaraq Ukraynanın Sport.ua nəşri ilə bölüşüb.
Kiyev təmsilçisinin 0:2 hesabı ilə məğlub olaraq avrokuboklarda mübarizəni dayandırdığı qarşılaşmanı şərh edən veteran futbolçu, Ağdam klubunun qələbəsini fərdi ustalıq və taktiki intizamla əlaqələndirib
Tlumakın sözlərinə görə, “Qarabağ” meydanda nə etmək lazım olduğunu rəqibindən daha yaxşı bilirdi: “Meydan sahibləri bir həftə əvvəl Lyublindəki məğlubiyyətin qisasını almalı idilər. Belə bir təəssürat yarandı ki, onlar kiyevlilərdən fərqli olaraq, istənilən nəticəni necə əldə edəcəklərini dəqiq bilirdilər. Əsas diqqət fərdi ustalığa yönəldilmişdi və bu amil Ağdam təmsilçisinə oyunun gedişatına nəzarət etməyə imkan verirdi. Çünki məlum oldu ki, rəqib təkbətək mübarizədə məharətlə çıxış etdikdə və hücumların istiqamətini effektiv şəkildə dəyişdikdə, ‘Dinamo’nun futbolçuları müdafiə olunmağı bacarmırlar. Qonaqların cinahlardakı uğursuzluqlarını da məhz bununla izah etmək olar”.
Ekspert “Dinamo”nun düşdüyü vəziyyətdən narahatlığını ifadə edərək, klubun inkişaf strategiyasını və transfer siyasətini sərt tənqid edib: “Ən pisi odur ki, kiyevlilər avrokuboklarda ildən-ilə eyni səhvləri təkrarlayırlar. Bütün bunlar komandanın inkişaf strategiyasının tam aydın olmaması ilə bağlıdır. İlk növbədə, söhbət heyətin formalaşdırılması prinsiplərindən və oyun üslubundan gedir. Axı biz qələbə ənənələri olan Ukrayna futbolunun nəhəngindən danışırıq. Onun şərəfini yüksək səviyyəli oyunçular qorumalıdır, lakin hazırkı ‘Dinamo’ haqqında bunu demək mümkün deyil. Şəxsiyyətlərə toxunmaq istəmirəm, ancaq bu heyətlə komandanın hətta Konfrans Liqasının təsnifat mərhələsində belə uğur qazanacağına ümid etmək çətin idi. Klub rəhbərliyi müəyyən nəticələr çıxarmalıdır, çünki kiyevlilərin daxili arenada da problemləri getdikcə arta bilər”.
Tlumak sonda Bakıdakı yekun nəticəni ədalətli adlandırıb: “Bakıdakı yekun nəticəyə gəldikdə isə, ‘Qarabağ’ növbəti mərhələyə vəsiqə qazanmağa daha çox layiq idi. Baxmayaraq ki, kiyevlilər də üç qol epizodu yaratdılar, lakin Ağdam klubu daha məqsədyönlü idi və onların oyunu daha bütöv bir təəssürat bağışlayırdı. Ən əsası isə odur ki, meydan sahibləri son zərbələrdə daha dəqiq idilər”.