“Futbol24” nəşri “Qarabağ”ın hazırkı heyətini də ətraflı təhlil edərək, komandanın ən təhlükəli futbolçularını xüsusi qeyd edib.
Nəşrin diqqət çəkdiyi məqamlardan biri də “Qarabağ”ın heyətində çıxış edən yeganə ukraynalı futbolçu Aleksey Kaşukdur. Vaxtilə Donetsk “Şaxtyor”unun yetirməsi olan 26 yaşlı vinger daha əvvəl icarə əsasında “Sabah”da da forma geyinib. 2024-cü ildə azad agent kimi “Qarabağ”a keçən Kaşuk qısa müddətdə komandanın vacib oyunçularından birinə çevrilib. O, Ağdam klubunun heyətində keçirdiyi 76 oyunda 12 qol vurub, 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Ukraynalı jurnalistlərin fikrincə, “Qarabağ”ın əsas liderlərindən biri kapitan Abdullah Zubirdir. Fransada doğulan və 2018-ci ildən Ağdam təmsilçisinin şərəfini qoruyan 34 yaşlı futbolçu ötən mövsüm 9 qol və 13 məhsuldar ötürmə ilə komandanın uğurlarında mühüm pay sahibi olub. Zubirin həm sol cinahda, həm də hücumameyilli yarımmüdafiəçi mövqeyində eyni dərəcədə effektiv çıxış etməsi onun ən böyük üstünlüklərindən biri kimi qiymətləndirilir.
Məqalədə “Qarabağ”ın qapıçısı Mateuş Koxalski də xüsusi vurğulanır. Polşalı qolkiper ötən il komandaya qoşulduqdan sonra qısa müddətdə əsas heyətdə möhkəmlənib. Boy üstünlüyü və hava toplarındakı etibarlı oyunu onun əsas keyfiyyətləri kimi göstərilir.
Müdafiədə isə uzun illərdir komandanın simalarından biri olan Bədavi Hüseynov ön plana çıxarılır. 2012-ci ildən “Qarabağ”ın formasını geyinən təcrübəli müdafiəçi artıq klubun heyətində 380-dən çox rəsmi oyuna çıxıb və kollektivin əsas liderlərindən biri hesab olunur.
Yarımmüdafiədə braziliyalı Pedro Bikalyo və monteneqrolu Marko Yankoviç komandanın oyununu formalaşdıran əsas fiqurlar kimi dəyərləndirilir. Məqalədə qeyd olunur ki, xüsusilə Yankoviç həm topa nəzarətdə, həm də hücumların qurulmasında vacib rol oynayır.
Hücum xəttində isə diqqət mərkəzində Kadi Borgesdir. Braziliyalı pleymeyker “Qarabağ”a ilk gəlişində uğurlu çıxışı ilə yadda qalmış, daha sonra Rusiyanın “Krasnodar” klubuna transfer olunmuşdu. Sonradan Macarıstanın “Ferentsvaroş” komandasında çıxış edən futbolçu yenidən Ağdam klubuna qayıdaraq komandanın aparıcı simalarından birinə çevrilib.
Nəşr eyni zamanda ötən mövsüm komandanın əsas qol silahlarından olan Juninyonun ayrılmasını “Qarabağ” üçün müəyyən itki kimi qiymətləndirir. Bununla belə, isveçli hücumçu Zakariya Savonun yeni mövsümə uğurlu başlaması diqqətə çatdırılır. İlk oyunlarda məhsuldarlığı ilə seçilən futbolçunun Juninyonun yoxluğunu qismən kompensasiya edə biləcəyi vurğulanır.
Alternativ variant kimi isə Musa Qurbanlının adı çəkilir. Baş məşqçi Qurban Qurbanovun oğlu olan hücumçunun əsasən sonradan meydana çıxmasına baxmayaraq, ötən mövsüm məhsuldar oyun nümayiş etdirdiyi və zərbə potensialı ilə seçildiyi qeyd olunur. Məqalədə ümumi qənaət belədir ki, “Qarabağ” heyətinin əsas üstünlüyü legionerlərin fərdi keyfiyyətləri ilə uzun illər birlikdə çıxış edən təcrübəli futbolçuların vəhdətindən ibarətdir. Ukraynalı jurnalistlərin fikrincə, məhz bu amil Ağdam klubunu avrokuboklarda daim təhlükəli rəqibə çevirir.