Donetsk “Metallurq”u, “Karpatı”, “Qoverla” və bir sıra digər Ukrayna klublarının sabiq baş məşqçisi Aleksandr Sevidov “Futbol24” nəşrinə açıqlamasında “Dinamo”nun UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəyi oyunları dəyərləndirib.
Təcrübəli məşqçi hesab edir ki, PAOK-a məğlub olaraq Avropa Liqası ilə vidalaşan Kiyev təmsilçisinin əsas problemi psixoloji deyil, oyun planındadır: “Düşünmürəm ki, PAOK-a məğlubiyyət və Avropa Liqasından kənarda qalmaq komandaya psixoloji baxımdan həlledici təsir göstərsin. Məncə, əsas problem oyun keyfiyyəti ilə bağlıdır. Hazırkı ‘Dinamo’ hələ tam formalaşmış komanda təsiri bağışlamır”.
Sevidovun sözlərinə görə, “Dinamo”nun heyətində çoxlu gənc futbolçunun olması komandanın sabit oyun sərgiləməsinə mane olur: “Komanda kifayət qədər təcrübəli deyil. Gənc futbolçular çoxdur və kollektiv hələ tam oturuşmayıb. Bu səbəbdən xüsusilə müdafiədə ciddi problemlər yaranır. Baş məşqçi müxtəlif dəyişikliklər etsə də, hələlik istədiyi nəticəni əldə edə bilməyib”.
Mütəxəssis “Qarabağ”ın avrokubok təcrübəsinin bu qarşıdurmada həlledici amillərdən biri ola biləcəyini düşünür: “Qarabağ” illərdir həm evdə, həm də səfərdə uğurlu çıxış edən komandadır. Avropa turnirlərində topladığı təcrübə belə mərhələlərdə böyük üstünlükdür. Bu səbəbdən “Dinamo”nu çox çətin iki oyun gözləyir”.
Sevidov hesab edir ki, ilk oyunda təşəbbüs Kiyev təmsilçisinin tərəfində olacaq. Onun fikrincə, “Dinamo” doğma meydanda qələbə qazanmağa çalışacaq və bu, “Qarabağ” üçün əks-hücum imkanları yarada bilər:
“‘Dinamo”nun məqsədi yalnız qələbə olmalıdır. Komanda hücum futbolu oynamağa məcburdur. Mən onların müdafiəyə çəkilərək cavab oyununu gözləyəcəyinə inanmıram”.
Ekspert qeyd edib ki, “Qarabağ” topa nəzarət etməyi bacaran, texniki legionerlərə malik komandadır və boş zonalardan istifadə etməyi yaxşı bacarır: “‘Qarabağ’ əks-hücumlarda çox təhlükəlidir. Eyni zamanda topa sahib olmağı da bacarır. Komandanın heyətində texniki səviyyəsi yüksək olan legionerlər kifayət qədərdir. Buna görə də ‘Dinamo’nun rəqibi müdafiəyə sıxışdırması heç də asan olmayacaq”.
Matçla bağlı proqnozunu da açıqlayan Sevidov hesabın necə bitəcəyini təxmin etməyin çətin olduğunu bildirib: “Dəqiq hesab proqnozlaşdırmaq çətindir. Ancaq düşünürəm ki, hər iki komanda fərqlənəcək. Ümid edirəm ki, “Dinamo” rəqibindən ən azı bir qol çox vuraraq üstünlük qazana biləcək”. Ukraynalı mütəxəssis sonda əlavə edib ki, “Qarabağ” artıq uzun illərdir Avropada özünü sübut etmiş komandadır və Kiyev klubunun növbəti mərhələyə yüksəlməsi üçün maksimum səviyyədə çıxış etməsi tələb olunacaq.