“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Danimarkanın AGF (“Orxus”) klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
Təcrübəli litvalı mütəxəssis matça tam hazır olduqlarını və hədəflərinin mərhələ adlamaq olduğunu bildirib: “Bu mərhələyə kimi gəlib çıxmaq hər bir baş məşqçinin xəyalıdır. Biz oyuna yaxşı hazırlaşmışıq. Danimarka futbolunun səviyyəsi hamıya bəllidir. Meydanda xırda detallara belə xüsusi diqqət yetirəcəyik. Rəqibə hörmətlə yanaşırıq, lakin əsas məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır”.
Xatırladaq ki, avqustun 5-də “Randers” stadionunda təşkil olunacaq AGF – “Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Komandalar arasındakı cavab matçı isə avqustun 11-də Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək.