FIFA prezidenti Canni İnfantinonun istefası tələbləri fonunda dünya futbolunda yaranan gərginlik daha da dərinləşir.
UEFA daha əvvəl isveçrəli funksionerin vəzifədən getməsini açıq şəkildə tələb edərək ona əvəz axtarılmasına çağırış etmişdi. Buna baxmayaraq, İnfantino postunu tərk etmək niyyətində deyil və FIFA daxilindəki təzyiqlərə qarşı müxtəlif milli federasiyalar və nüfuzlu siyasi dairələrin dəstəyini qazanmağa çalışır.
The Athletic nəşrinin jurnalisti Adam Kraftonun məlumatına görə, Asiya Futbol Konfederasiyasına üzv bir sıra federasiyalar artıq İnfantinoya dəstəklərini ifadə ediblər. Onun əsas tərəfdarları sırasında Qətər və BƏƏ ilə yanaşı, Butan, Şri-Lanka, Livan və Küveyt futbol federasiyaları da yer alır.
Mənbənin iddiasına əsasən, bu vəziyyət UEFA-nı narahat edir. Avropa futbol qurumu İnfantinonun vəzifədən uzaqlaşdırılması üçün dəstək toplamaq istiqamətində fəaliyyətini davam etdirir.
Bildirilir ki, prosesin taleyində həlledici söz sahibi Səudiyyə Ərəbistanı ola bilər. Çünki ölkə rəsmiləri hələlik bu məsələ ilə bağlı mövqelərini açıqlamayıblar.