DÇ-2026-da Kabo Verdenin heyətində göstərdiyi oyunla diqqətləri üzərinə çəkən 40 yaşlı qapıçı Vozinye transfer qalmaqalı ilə gündəmə gəlib.
Çili təmsilçisi “Kolo-Kolo” təcrübəli qolkiperin transferini artıq sosial şəbəkə hesablarında elan etsə də, futbolçu Santyaqoya yollanmaqdan imtina edib. Braziliyanın “Globo” nəşrinin məlumatına görə, futbolçunun Çiliyə uçuşu əvvəlcə çərşənbə gününə, daha sonra isə cümə axşamına təxirə salınsa da, o, sonda ölkəyə yollanmayıb.
Almaniyanın Sport Bild nəşrinin məlumatına görə, tərəflər arasında gərginliyə Çili Futbol Assosiasiyasının (ANFP) qoyduğu xüsusi qadağa səbəb olub. Qaydalara əsasən, Çili liqasında futbolçuların formaya ləqəb yazdırmasına icazə verilmir. Klubun ona “Vozinye” yox, pasport adı olan “Josimar Evora Dias” yazılmış forma təklif etməsi təcrübəli qapıçının narazılığına səbəb olub.
İnsayder Rafael Bozeonun xəbərinə görə, Vozinye karyerasını Mərakeşin çempionu “Berkan”da davam etdirə bilər. Ərəb klubu Kabo Verde millisinin sabiq baş məşqçisi Bubista ilə razılıq əldə etməyə çox yaxındır.
Təcrübəli qolkiper məhz keçmiş məşqçisinin “Berkan”ın rəhbərliyinə gətirilməsindən sonra rəsmi təklifi gözləməyə və gələcəyi ilə bağlı son qərarı bundan sonra verməyə üstünlük verib.v