FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ideyası tənqidlərlə üzləşməkdə davam edir. Bu dəfə təşəbbüsə sərt reaksiya verənlərdən biri Polşa Futbol Assosiasiyasının sabiq prezidenti Zbiqnev Bonek olub.
Ötənlərin məhşur futbolçusu Bonek “Przegląd Sportowy” qəzetində dərc olunan köşə yazısında İnfantinonun planını “açıq korrupsiya” adlandırıb. Onun fikrincə, FIFA dünya çempionatının sahibi deyil, əksinə, milli assosiasiyalar FIFA-nın əsas dayağıdır və belə bir turnirin kommersiya məqsədilə özəl şirkətlərə ötürülməsi yolverilməzdir.
“Yuventus”un sabiq polşalı ulduzu bildirib ki, özəl investorların FIFA-nın yaratmağı planlaşdırdığı FIFA Forward Enterprise (FFE) şirkətində pay sahibi olması dünya futbolunun maraqlarına ziddir. O hesab edir ki, bəzi federasiyalara böyük maliyyə vədləri verilməsi onların dəstəyini qazanmağa hesablanıb və bunu “açıq-aşkar korrupsiya” kimi qiymətləndirib.
Bonek əlavə edib ki, hazırda əksər federasiyalar bu təşəbbüsə qarşı vahid mövqe nümayiş etdirsələr də, gələcəkdə bu birliyin pozula biləcəyindən ehtiyatlanır. Onun sözlərinə görə, dünya çempionatının 64 komandaya qədər genişləndirilməsi və federasiyalara daha çox maliyyə vəsaiti vəd edilməsi bəzi üzvlərin mövqeyini dəyişə bilər.