DÇ-2026-nın həlledici matçinı idarə edən sloveniyalı FIFA referisi Slavko Vinçiç Lionel Messi ilə oyundan sonra baş tutan söhbətdən danışıb.
Sportklub nəşrinə müsahibə verən təcrübəli hakim Argentina millisinin kapitanı ilə söhbətin məzmununu açıqlamaq istəməyib.
“Söhbətimizin məzmunu meydanda qalsın. Yalnız onu deyə bilərəm ki, Messi özünü çox düzgün apardı”, – deyə Vinçiç bildirib.
Final matçını idarə etməyin onun üçün böyük məsuliyyət olduğunu vurğulayan sloveniyalı referi bunun həm özü, həm də ölkəsinin hakimlik məktəbi üçün mühüm uğur sayıldığını qeyd edib.
“Əvvəlcə böyük həyəcan hiss edirdim, sonra isə Sloveniyanı belə mötəbər arenada təmsil etdiyimiz üçün qürur duydum. Bu etimadı doğruldub oyunu uğurla başa vurmaq bizim üçün böyük məsuliyyət idi”, – deyə o əlavə edib.
Vinçiç, həmçinin finaldan sonra hakimliklə bağlı ciddi müzakirələrin aparılmamasını onların işini uğurla yerinə yetirməsinin göstəricisi kimi qiymətləndirib.
“Final fitindən sonra hakimlik barədə demək olar ki, heç nə yazılmadı. Bu da göstərir ki, ümumilikdə işimizin öhdəsindən yaxşı gəldik. Hesab edirəm ki, seçdiyimiz idarəetmə strategiyası doğru idi”, – deyə FIFA referisi vurğulayıb.