Polşa mətbuatı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah”ın Finlandiyada KuPS üzərində 2:0 hesablı qələbəsini və növbəti mərhələyə yüksəlməsini diqqət mərkəzində saxlayıb.
Yerli KİV yazır ki, altı ay əvvəl Konfrans Liqasında “Lex”in rəqibi olan KuPS bu dəfə “Sabah”a hər iki oyunun nəticəsinə görə 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdı. Məqalədə vurğulanır ki, Finlandiya səfərində qazanılan qələbədə polşalı müdafiəçi Timoteuş Puxaç əsas fiqurlardan biri olub.
“Lex” III təsnifat mərhələsinə yüksələcəyi təqdirdə məhz “Sabah”la üz-üzə gələcək. Poznan təmsilçisi ilk oyunda səfərdə “Orhus”u 4:1 hesabı ilə məğlub etdiyindən növbəti mərhələyə yüksəlmək üçün əlverişli vəziyyətdədir.
Polşa mətbuatı mümkün qarşılaşmanı Timoteuş Puxaç üçün də xüsusi əhəmiyyətli hesab edir. Vaxtilə karyerasına “Lex”də başlayan futbolçu Almaniya, Yunanıstan, Türkiyə və İngiltərə klublarında çıxış etdikdən sonra “Sabah”a transfer olunub. Buna görə də onun doğma klubuna qarşı oynamaq şansı “köhnə dostla görüş” kimi dəyərləndirilir.
Xatırladaq ki, “Lex” “Orhus” səddini keçərsə, III təsnifat mərhələsində “Sabah”ın rəqibi olacaq. Bu mərhələnin ilk oyunları 4-5 avqust, cavab qarşılaşmaları isə 11 avqust tarixlərində keçiriləcək.
Çempionlar Liqası. II təsnifat mərhələsi, cavab oyunları
KuPS (Finlandiya) – Sabah (Azərbaycan) 0:2 (ilk oyun – 0:1)
Linkoln (Cəbəllüttariq) – Myalbü (İsveç) 0:0 (0:3)
Dinamo Z (Xorvatiya) – Tyun (İsveçrə) 3:2 (1:1)
Çele (Sloveniya) – Eqnatiya (Albaniya) 2:2 (3:3) pen. – 4:1
Harts (Şotlandiya) – Şturm (Avstriya) 0:2 (0:4)
Şemrok Rovers (İrlandiya) – Ararat-Armenia (Ermənistan) 2:1 (0:2)