İspaniya millisinin üzvü Dani Olmo dünya çempionatının finalından sonra Argentina yığmasının məşqçi köməkçisi Roberto Ayalanın ondan üzr istəməsini qəbul etmədiyini bildirib.
Final görüşündən sonra sosial şəbəkələrdə yayılan görüntülərdə Ayalanın Olmonun boyun nahiyəsinə zərbə endirdiyi əks olunub. Daha sonra Ayala hadisəyə görə təəssüfləndiyini desə də, bunu futbolçunun dediyi sözlərə reaksiya kimi izah edib.
Olmo isə Diari de Terrassa nəşrinə açıqlamasında bu versiyanı təkzib edib: “Üzr istəyib, eyni zamanda zərbəni mənim hansısa sözümə reaksiya kimi əsaslandırırsa, deməli, səmimi deyil. O, yalan danışır. Mən ona heç nə deməmişdim. Əslində üzr istəmək üçün bəhanəyə yox, səhvi etiraf etməyə ehtiyac var”.
İspan futbolçu əlavə edib ki, insanı səhv deyil, həmin səhvi dürüstlük və ləyaqətlə etiraf etmək bacarığı xarakterizə edir. FİFA isə final fitindən sonra Argentina nümayəndələrinin davranışı ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Olmo vurğulayıb ki, futbolçular meydanda davranışları ilə uşaqlara və gələcək nəsillərə nümunə olmalıdır: “İstəyirəm ki, övladlarım, ailəm və azarkeşlərimiz yalnız qələbəmizlə deyil, meydandakı davranışımızla da fəxr etsinlər. Futbolçular böyük məsuliyyət daşıyırlar”.
Hazırda “Barselona”da çıxış edən 28 yaşlı Dani Olmo dünya çempionatında İspaniya millisinin heyətində altı oyuna start heyətində başlayıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.