Pep Qvardiolanın təklifi rədd etməsindən sonra Andrea Pirlonun İtaliyanın yeni baş məşqçisi olacağı dəqiqləşib. Lakin ” Skuadra Adzurra”nin əfsanəvi futbolçusunun milli komandaya rəhbərlik etməsi ərəfəsində ciddi siyasi təzyiqlərlə üzləşdiyi bildirilir.
İtaliyalı siyasətçilərin narazılığına səbəb Pirlonun Rusiyanın ən böyük bukmeker şirkəti olan “Fonbet” ilə əməkdaşlığıdır. Qlobal səfir qismində çıxış edən Pirlo, bu ilin may ayında Moskvada keçirilən “Futbol günü” tədbirində iştirak edib. Bundan əlavə, onun hazırda çalışdırdığı “Dubay Yunayted” klubunun rəhbəri Sergey Lomakinin də Rusiyanın qumar biznesi ilə yaxın əlaqələri var.
İtaliya siyasətində Pirloya qarşı sərt mövqe nümayiş olunur. Demokrat Partiyasının idman direktoru Mauro Berruto “Corriere della Sera”ya müsahibəsində bildirib: “Pirlo bu narahatedici məqamı aradan qaldırmalı və dərhal bu vəzifədən istefa verməlidir. İdman mərc oyunları və Rusiya şirkəti ilə əməkdaşlıq heç bir halda yolverilməzdir”.
Avropa Parlamentinin vitse-prezidenti Pina Piçierno isə məsələyə daha kəskin yanaşıb: “Söhbət Pirlonun siyasi mövqeyindən getmir. Əsas məsələ odur ki, o, Ukraynanın bombardman edildiyi bir vaxtda könüllü şəkildə Kreml təbliğatına xidmət edən təşəbbüslərdə yer alıb”.
İtaliyalı siyasətçilərin mövqeyi birmənalıdır: Andrea Pirlo milli komandanın çalışdırmaq istəyirsə, Rusiya ilə olan bütün biznes əlaqələrini kəsməlidir. Hazırda tərəflər arasında proseslərin necə inkişaf edəcəyi idman ictimaiyyətinin diqqət mərkəzindədir.