İdman Arbitraj Məhkəməsi (CAS) 2025-ci il Afrika Millətlər Kubokunun qalibi ilə bağlı mübahisəyə oktyabrın 8-də baxacaq. Lozannada keçiriləcək iclasda çempionluq titulunun Mərakeşdə qalacağı, yoxsa Seneqala veriləcəyi barədə yekun qərar qəbul olunacaq.
Seneqal Futbol Federasiyası martın 25-də CAS-a müraciət edərək Afrika Futbol Konfederasiyasının (CAF) qərarının ləğvini və çempionluğun Seneqala qaytarılmasını tələb edib. Məhkəmə tərəflərin sürətləndirilmiş prosedur barədə razılığa gəlmədiyini, işə adi qaydada baxılacağını açıqlayıb.
Mübahisə final görüşündə yaşanan hadisədən qaynaqlanır. Əlavə vaxtda Mərakeşin xeyrinə təyin olunan penaltiyə etiraz edən seneqallı futbolçular qısa müddətə meydanı tərk ediblər. Penalti qola çevrilməsə də, daha sonra Baba Qayenin qolu ilə Seneqal hesabda önə keçərək matçı qazanıb.
Buna baxmayaraq, CAF oyun qaydalarının pozulduğunu əsas gətirərək nəticəni ləğv edib, Mərakeşə 3:0 hesablı texniki qələbə verib və çempion elan edib. Seneqal Futbol Federasiyası isə bu qərarı “ədalətsiz” və “inzibati oğurluq” adlandıraraq CAS-a şikayət edib.
İdman Arbitraj Məhkəməsi bildirib ki, dinləmə qapalı keçiriləcək və yekun qərar iclas günü açıqlanmayacaq. CAS həmçinin sosial şəbəkələrdə yayılan əsassız məlumatlara inanmamağa çağıraraq vurğulayıb ki, işlə bağlı yeganə rəsmi məlumatlar məhkəmənin rəsmi açıqlamalarıdır.
CAS-ın qərarı ya CAF-ın hökmünü qüvvədə saxlayaraq Mərakeşi çempion elan edəcək, ya da meydandakı nəticəni əsas götürərək titulu Seneqala qaytaracaq.