İsveçrənin Bilt şəhərində keçirilən ənənəvi şahmat festivalının ən güclü -“Masters” qrupunda final mərhələsinə start verilib. Azərbaycanı bu mötəbər yarışda 21 yaşlı qrossmeyster Aydın Süleymanlı təmsil edir.
Mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparan dördlükdə şahmatçımızla yanaşı Levon Aronyan (ABŞ), Yağız Kağan Ərdoğmuş (Türkiyə) və Le Quanq Lyem (Vyetnam) yer alır.
Final mərhələsinin ilk günündə Aydın Süleymanlı Vyetnam təmsilçisi Le Quanq Lyem ilə üz-üzə gəlib. Gərgin keçən partiya sülhlə başa çatıb.
Final mərhələsinə qədər keçirilən müxtəlif kateqoriyalarda yüksək sabitlik nümayiş etdirən təmsilçimiz Fişer şahmatında (Chess-960) və rapid yarışlarında 2-ci yeri tutub. Klassik şahmat turnirində isə uğurlu çıxışını daha da irəli aparan Aydın Süleymanlı bütün rəqiblərini qabaqlayaraq 1-ci pillənin sahibi olub.
Hazırda aktivində 24 xal olan Aydın Süleymanlı ümumi sıralamada 2-ci pillədə qərarlaşıb. Şahmatçımız turnirin lideri Levon Aronyandan cəmi 4 xal geri qalır.