Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”ın rəqibi olan Sofiya ÇSKA-sının baş məşqçisi Xristo Yanev matçdan əvvəl mətbuat konfransında iştirak edib.
Bolqarıstanlı mütəxəssis komandadakı son vəziyyət, Ceyms Eto’onun heyətdən kənarda qalması və Ağdam təmsilçisi ilə gözlənilən çətin qarşılaşma barədə jurnalistlərin suallarını cavablandırıb.
Ölkə çempionatda “Slaviya”ya qarşı keçirilən matçın ilk hissəsindən sonra əvəzlənən kamerunlu yarımmüdafiəçi məşqçilər korpusunun qərarı ilə Bakı səfərinə gətirilməyib. Yanev futbolçunun durumu barədə bunu qeyd edib: “Biz hamımız köhnə, ideal formada olan Ceymsi görmək istəyirik. Hazırda komandaya gec qoşulduğu üçün fiziki baxımdan bir qədər geridə qalır. Lakin o, çox motivasiyalıdır və yaxşı formada olmadığını anlayır. Əminəm ki, yaxın zamanlarda komandaya faydalı olacaq”.
Ağdam klubunun oyun üslubunu dəyərləndirən baş məşqçi rəqibin gücünə bələd olduqlarını vurğulayıb: “Qarabağ” çox güclü komandadır, onların bir neçə oyununu izləmişəm. Heyətdə dəyişikliklər olsa da, oyun üslubları sabit qalır. Onlar davamlı olaraq topa nəzarət edən, meydanın hər bir nöqtəsində fərdi presinq tətbiq edən aqressiv komandadırlar. ‘Qarabağ’ tam fərqli səviyyədir, onlar “Derri Siti”yə heç bənzəmir. Bizi nəyin gözlədiyini bilirik və buna hazırıq”.
Yanev daxili çempionatdakı uğursuzluqdan sonra komandanın psixoloji baxımdan toparlanmalı olduğunu bildirib: ” ‘Slaviya’ ilə matçdan sonra cəmi bir bərpa məşqi keçirə bildik. Əsas məqsədimiz futbolçuların sağlamlığından əmin olmaq idi. Bu oyunun əhəmiyyəti tam fərqlidir, çempionat matçını unutmalıyıq. Avropa kuboklarında ‘Qarabağ’ kimi ciddi rəqibə qarşı çıxış etmək üçün əlavə motivasiyaya ehtiyac yoxdur. Rəqibin səviyyəsinə hörmət edirik, lakin cavab oyunu öncəsi şanslarımızı qorumaq və layiqli futbol göstərmək üçün meydanda sonadək mübarizə aparacağıq”.