“Araz-Naxçıvan” yay transfer pəncərəsində heyətini gücləndirməyə davam edir. Naxçıvan təmsilçisi burundili mərkəz hücumçusu Abdullah Sudi ilə anlaşıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, təcrübəli forvardla 1 illik müqavilə imzalanıb.
Karyerası ərzində “Vital O”, “Kiqali”, “Əl-Faysali”, “Muktijodha”, “Əl-Naft”, “Kuçinq”, “Əl-İttihad” və PSİS kimi fərqli ölkələrin klublarında zəngin təcrübə toplayan Sudinin son dayanacağı İndoneziyanın “Persikab” komandası olub. Eyni zamanda Konqo Demokratik Respublikasının da vətəndaşlığını daşıyan burundili forvard, 2022-ci ildə milli komandanın heyətində keçirdiyi 13 oyunda 3 qolla yadda qalıb. Təcrübəli hücumçu artıq Naxçıvan klubunun düşərgəsinə qoşulub və komanda ilə birgə məşqlərə start verib.
Abdullah Sudi klubun bu yay həyata keçirdiyi sayca 15-ci transferdir. Komanda buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Artur Auqusto Da Silva, Mara Mohamed, Mustafa Əhmədzadə və Luka Dumançiçi heyətinə qatıb.
Yeri gəlmişkən, komandadan ayrılan Ba-Muaka Simakalanın da yeni iş yeri rəsmiləşib. Ötən mövsüm “Araz-Naxçıvan”ın forması ilə 34 rəsmi matçda 9 qola imza atan 29 yaşlı almaniyalı hücumçu karyerasını Belçikanın “Eupen” klubunda davam etdirəcək.