Dramatik anlar və inanılmaz geri dönüşlərlə yadda qalan mundialın 1/8 final mərhələsində Argentina millisi Misir üzərində 3:2 hesablı çətin qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.
Qarşılaşmadan sonra duyğularını gizlədə və göz yaşlarına hakim ola bilməyən Messinin fotosunu paylaşan “albiseleste”nin mətbuat xidməti bu sözləri qeyd edib: “O, hər şeyi qazanıb, hər şeyə nail olub. Lakin bu göz yaşları göstərir ki, onun yeni qələbələrə olan aclığı və bu formaya sevgisi hədsizdir. Bunu bizə hiss etdirdiyin üçün təşəkkür edirik, kapitan!”
Komandanın rəsmi səhifəsində bütün heyətin fotosu paylaşılarak, “Hər oyunda ürəyimizlə bu rəngləri qoruyuruq. Təşəkkürlər, komanda!” mesajı ötürülüb.
Lionel Messi özü isə matçdan sonra komandanın mübarizə əzmini yüksək qiymətləndirib: “Növbəti mərhələyə yüksəlmək möhtəşəm hissdir. Çox çətin oldu, yenə əziyyət çəkdik, lakin Dünya Çempionatında başqa cür olmur. Böyük bir rahatlıq tapdıq. Komandamız heç vaxt təslim olmur, sona qədər döyüşür. Argentinanın bu gün etdikləri sadəcə dəlilikdir”.
Argentinalı azarkeşlərin böyük coşqusunu ulduz futbolçunun həyat yoldaşı Antonella Rokuzzo da bölüşüb. O, sosial şəbəkə hesabında Messinin fotolarını paylaşaraq, “İrəli, Argentina! Lionel Messi, daha deyiləcək söz qalmadı” şərhini yazıb.