“Alman maşını”nın mundiallardakı müdafiə problemi artıq tarixi bir antirekorda çevrilib. Bundestim qatıldığı son qlobal forumlarda ardıcıl 10 matçdır ki, qapısını qola bağlaya bilmir.
Bu uğursuz seriya DÇ-2026-nın 1/16 finalında Paraqvaya qarşı keçirilən və almanların turnirlə vidalaşdığı matçda qırılmadı. Maraqlıdır ki, Almaniya millisi dünya çempionatlarında sonuncu dəfə uzaq 2014-cü ildə – Argentinanı 1:0 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında qol görməyib. Beləliklə, ardıcıl 10 oyunda qol buraxan komanda Almaniya futbol tarixinin ən pis seriyasına imza atıb. Bu qara zolağa son qoymaq üçün almanlar ən azı 2030-cu il dünya çempionatını gözləməli olacaqlar.
Sözügedən 10 matçın hamısında Bundestimin qapısını Manuel Noyer qoruyub. Bununla da təcrübəli qolkiper dünya çempionatları tarixində ardıcıl qol buraxma xronologiyasına görə mutləq antirekordu təkrarlayıb. Noyer bu göstəricidə 1950-1962-ci illər arasında ardıcıl 10 DÇ oyununda qapısında qol görən əfsanəvi meksikalı qapıçı Antonio Karbaxala çatıb.
Almaniya millisinin qol buraxdığı son 10 DÇ matçı
İl Rəqib Hesab
2026 Paraqvay 1:1 (pen. 3:4)
2026 Ekvador 1:2
2026 Kot-d’İvuar 2:1
2026 Kürasao 7:1
2022 Kosta-Rika 4:2
2022 İspaniya 1:1
2022 Yaponiya 1:2
2018 Cənubi Koreya 0:2
2018 İsveç 2:1
2018 Meksika 0:1