Bu gün ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında növbəti maraqlı qarşılaşmalar baş tutacaq. B və D qruplarında ilk turun oyunları azarkeşlərə böyük futbol bayramı vəd edir.
12 iyun
Kanada – Bosniya və Herseqovina
Saat: 23:00
Stadion: “BMO Fild” (Toronto, Kanada)
Baş hakim: Fakundo Telyo (Argentina)
Canlı yayım: TRT Spor, Matç! TV, Matç! Futbol 1
Kanada: DÇ-2022-dəki uğursuzluqdan sonra turnirə birbaşa ev sahibi kimi qatılan Kanada, son bir ili rəsmi oyunsuz keçirsə də, yoldaşlıq görüşlərində (məsələn, Ukrayna üzərində 4:2 hesabla qələbə) və 8 matçlıq məğlubiyyətsizlik seriyası ilə diqqət çəkir.
Bosniya və Herseqovina: Tarixində ikinci dəfə dünya çempionatına vəsiqə qazanan bosniyalılar turnirə pley-off mərhələsində Uels və İtaliyanı penaltilər seriyasında (qapıçı Vasilin rəşadəti sayəsində) keçərək son anda gəliblər. Komanda hazırlıq dövründəki yoldaşlıq oyunlarında da sülh bağlamağa meylli olduğunu göstərdi. Öncə Şimali Makedoniya ilə qolsuz bərabərliyə (0:0) razılaşan bosniyalılar, ardınca Panama ilə matçda hesabı açsalar da, ilk hissənin son saniyələrində qapılarında qol gördülər və görüş komandanın artıq “vizit kartı” sayılan 1:1 hesablı bərabərliklə yekunlaşdı.
Tarixi fakt: Bu iki rəqiblər ilk dəfə rəsmi oyunda üz-üzə gəlir.
13 iyun
ABŞ – Paraqvay
Saat: 05:00
Stadion: “SoFi Stadium” (Los-Anceles, ABŞ)
Baş hakim: Denni Makkeli (Niderland)
Canlı yayım: TRT Spor, Matç! TV, Matç! Futbol 1
ABŞ: Maurisio Poçettinonun rəhbərlik etdiyi ABŞ millisi Qətər-2022-dəki pis olmayan çıxışından sonra yeni mərhələyə qədəm qoyub. Cari ilin əvvəlində Belçika və Portuqaliyaya, turnir öncəsi isə Almaniyaya (1:2) məğlub olan “Yanki”lər ev sahibi statusunun təzyiqini qələbə ilə azaltmaq niyyətindədir.
Paraqvay: Son Amerika Kubokundakı uğursuzluqdan sonra Gustavo Alfarounun gəlişi ilə dirçələn Paraqvay, seçmə mərhələdə Braziliya ilə eyni xalı yığaraq gücünü sübut etdi. DÇ öncəsi isə Nikaraquanı 4:0 hesabı ilə darmadağın edərək bura yüksək əhval-ruhiyyədə gəliblər.Tarixi fakt: İki qitə təmsilçisi indiyə qədər 7 dəfə qarşılaşıb. ABŞ-ın böyük üstünlüyü var: 5 qələbə (son 3 oyun ardıcıl olaraq ABŞ-ın xeyrinə başa çatıb) və 2 məğlubiyyət.