Serbiyanın «Sportklub» portalının yaydığı məlumata görə, «Kəpəz»in yeni baş məşqçisi postuna əsas namizəd Zoran Vasilyeviçdir. Azər Bağırovun istefasından sonra baş məşqçi postu boş qalan Gəncə təmsilçisi, son bir neçə gündür serbiyalı mütəxəssislə intensiv danışıqlar aparır.
Tərəflər əməkdaşlığın əsas detalları barədə artıq razılığa gəliblər. Mənbəyə görə, Vasilyeviçin «Kəpəz»in sükanı arxasına keçəcəyi demək olar ki, dəqiqdir və müqavilənin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Bu xəbərin fonunda İMT rəhbərliyi artıq onun yerinə yeni çalışdırıcı axtarışlarına başlayıb.
Zoran Vasilyeviç kimdir? Bosniya və Herseqovina əsilli mütəxəssis, əsasən Serbiyanın «Voyvodina» klubundakı fəaliyyəti ilə tanınır. O, son illərdə Serbiyanın İMT klubunu üç fərqli dönəmdə çalışdırıb, həmçinin qısa müddət «Radnik» komandasına rəhbərlik edib. Karyerası ərzində «Slaven» (Ruma) və «Kabel» kimi klublarda da işləyən Vasilyeviç, «Voyvodina»da rəhbər vəzifələrdə təcrübə toplayıb. Azərbaycan Premyer Liqasına keçidi mütəxəssisin karyerasında yeni bir çağırış kimi qiymətləndirilir.
Ölkə futbolunun köklü klublarından olan «Kəpəz», ötən mövsümü Premyer Liqada 8-ci pillədə başa vurub.