“Mançester Siti” rəhbərliyi baş məşqçi Pep Qvardiolanın mümkün gedişinə qarşı hərəkətə keçib. Məşhur insayder Nikolo Şiranın “X” sosial şəbəkəsində paylaşdığı eksklüziv məlumata görə, “şəhərlilər” kataloniyalı mütəxəssisin varisini artıq müəyyənləşdirib.
Qvardiolanın “Mançester Siti” ilə sözləşməsi 2027-ci ilə qədər olsa da, kataloniyalı mütəxəssisin bu müddəti sonadək tamamlayacağı böyük sual doğurur. Gözlənilməz gediş ssenarilərinə qarşı hərəkətə keçən klub rəhbərliyi isə işi şansa buraxmaq niyyətində deyil – alternativ variantlar artıq masadadır.
Son gələn xəbərlərə görə, Mançester təmsilçisi “Çelsi”nin baş məşqçisi Entso Mareska ilə masaya oturub və tam razılıq əldə edib. Müqavilənin müddəti 2028-ci ilə qədər (bir il uzadılmaq şərtilə) nəzərdə tutulub. Şira klub daxilindən aldığı məlumatı bu sözlərlə bölüşüb: “Mareska ilə “Mançester Siti” arasında 2028-ci ilə qədər müqavilə razılığı var. Klub “Çelsi”nin sabiq baş məşqçisini Qvardiolanın birbaşa xələfi kimi təyin edib. İndi hər şey Pepin verəcəyi qərardan asılıdır. Mareska isə hazır vəziyyətdə gözləyir”.
Premyer Liqada mövsümün finalına cəmi bir tur qalmış çempionluq yarışı gərginliyini qoruyur. “Mançester Siti” hazırda lider “Arsenal”dan iki xal geri qalaraq ikinci pillədə qərarlaşıb və titul taleyini son oyunlar həll edəcək.