“Liverpul”un misirli superulduzu Məhəmməd Salah komandanın son uğursuzluqlarından sonra səssizliyini pozub. Mövsümün sonunda “Enfild”i tərk edəcəyini rəsmən açıqlayan hücumçu, “Aston Villa”ya qarşı alınan ağır 2:4 hesablı məğlubiyyətdən sonra sosial şəbəkə hesablarında geniş və olduqca səs-küylü bəyanat yayıb.
Premyer Liqada dördüncü pillə uğrunda mübarizə aparan “mersisaydlılar”ın Çempionlar Liqası biletini təhlükəyə atması Salahı bərk qəzəbləndirib. “Liverpul”un turnir cədvəlindəki bu qeyri-sabit gedişatı misirli qoleadorun sərt tənqidləri ilə müşayiət olunub.
O, klubun itirilmiş kimliyindən bəhs edərək, ad çəkməsə də, hazırda ağır təzyiq altında olan baş məşqçi Arne Slotu birbaşa hədəf alıb: “Mən bu klubun şübhə edənlərdən inananlara, inananlardan isə çempionlara çevrilmə yolunu gördüm. Bu, inanılmaz bir əmək tələb etdi və mən klubun zirvəyə qalxması üçün hər zaman canımı qoydum. Heç nə mənə bu qüruru verə bilməz. Son məğlubiyyət hamımız üçün çox ağrılı oldu və azarkeşlərimiz bu cür futbolu əsla haqq etmir”.
Salah komandanın hazırkı oyun fəlsəfəsini tənqid edərək, Yurgen Klopp dövrünün məşhur taktiki üslubuna eyham vurub: “Mən “Liverpul”un yenidən rəqiblərin qorxulu yuxusuna çevrilən, o hücumameylli oyun üslubuna dönməsini və kuboklar qazanmasını istəyirəm. Mənim bacardığım və oynamaq istədiyim futbol məhz budur. Bu klubun genində olan kimlik bərpa edilməli və əbədi qorunmalıdır. Bu mövzu müzakirə belə edilə bilməz! Bu kluba gələn hər bir kəs — istər futbolçu, istərsə də məşqçi – bu fəlsəfəyə uyğunlaşmağa məcburdur”.
İdman mediası Salahın bu sözlərini hazırkı baş məşqçi Arne Slotun oyun sisteminə qarşı açıq üsyan və birbaşa ittiham kimi qiymətləndirib. Klubdan ayrılsa da, “Liverpul”un gələcəyini düşündüyünü bildirən ulduz futbolçu, növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanmağın şəriksiz şərt olduğunu vurğulayıb:“Liverpul’ mənim və ailəm üçün hər zaman xüsusi məna kəsb edəcək. Mən buranı tərk etdikdən sonra da klubun uğur qazanmasını arzulayacam. Hər zaman dediyim kimi, növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq bizim üçün minimum tələbdir və mən bu hədəfi reallaşdırmaq üçün son saniyəyə qədər meydanda hər şeyimi verəcəm”.
İngiltərə Premyer Liqasında ilk 5 yerin Çempionlar Liqasına birbaşa vəsiqə qazanmaq şansı var. Lakin xüsusi bir məqamı da unutmaq olmaz: əgər turnir cədvəlini 5-ci yerdə tamamlayan “Aston Villa” Avropa Liqasının qalibi olarsa, Çempionlar Liqası kvotası turnir cədvəlinin 6-cı pilləsinə qədər enəcək ki, bu da “Liverpul”un işini riyazi olaraq bir qədər asanlaşdıra bilər. Ancaq Salahın bəyanatından da göründüyü kimi, komanda daxilindəki gərginlik və baş məşqçi problemi hələ uzun müddət gündəmdən düşməyəcək.