Azərbaycan Kubokunun cari mövsümü tribunalara marağın artması ilə yadda qalıb. Peşəkar Futbol Liqasının (PFL) açıqladığı rəsmi statistikaya əsasən, turnirin geridə qalan 38 qarşılaşmasını ümumilikdə 41 895 tamaşaçı izləyib.
Bu göstərici son 10 mövsümün rekordu kimi qeydə alınıb. Cari mövsümdə hər matça düşən orta azarkeş sayı isə 1102 nəfər təşkil edir.
PFL-in rəhbərliyi altında 18-ci dəfə təşkil olunan ölkə kubokunun 2008-ci ildən bu yana keçirilən 465 matçında (baş tutmayan və yarımçıq qalan oyunlar istisna olmaqla) ümumilikdə 695 272 azarkeş iştirak edib.
Azərbaycan Kubokunda “Sabah” və “Zirə” arasında keçiriləcək böyük final ərəfəsində rəqəmlər tribunadakı canlanmanı təsdiqləyir:
41 895 – Cari mövsümün ümumi azarkeş sayı (Son 10 ilin mütləq rekordu);
695 272 – PFL-in rəhbərliyi dövründə keçirilən bütün oyunları izləyən cəmi tamaşaçı sayı;
1 555 – Turnir tarixinin orta azarkeş göstəricisi (Pandemiya mövsümü xaric);
3 369 – Tarixi rekord: 2010/11 mövsümündə qeydə alınan orta tamaşaçı sayı.
Mayın 13-də baş tutacaq “Sabah” – “Zirə” final matçı sadəcə qalibi müəyyən etməyəcək, həm də ölkə kubokunun tarixində yeni bir səhifə açacaq. Belə ki, final qarşılaşmasında tribunaları ən azı 4 728 azarkeş doldurarsa, turnirin PFL dövründəki ümumi tamaşaçı sayı 700 000-lik yubiley həddini rəsmən keçmiş olacaq.