Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start verilib. Yarışın ilk günündə Azərbaycanın 5 yunan-roma güləşçisi xalça üzərinə çıxıb. Mübarizəyə qoşulan idmançılarımızdan ikisi inamlı performans sərgiləyərək medallar uğrunda həlledici mərhələyə adlayıblar. Günün əsas hadisəsi İslam Abbasov və Beka Kandelakinin yarımfinala vəsiqə qazanması olub.
87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov turnirə möhtəşəm başlayıb. O, ilk görüşündə Polşa təmsilçisi Arkadiuş Kuliniçi üstələyib. 1/4 final mərhələsində isə norveçli Ekzous Mukubu ilə qarşılaşan təmsilçimiz rəqibini məğlub edərək adını yarımfinala yazdırıb.
Ağır çəkidə (130 kq) ölkəmizi təmsil edən Beka Kandelaki də uğurlu seriya yaxalayıb. O, startda meydan sahibi Qriseldi Kodranı (Albaniya), növbəti mərhələdə isə almaniyalı Yello Krameri məyus edərək yarımfinala vəsiqəni rəsmiləşdirib. Günün əsas məyusluğu 77 kq çəkidə yaşanıb. Komandanın heyətində yeganə Avropa çempionu (2020) tituluna sahib olan Sanan Süleymanov startda Şuaı Məmmədovu (UWW) keçsə də, 1/4 finalda macarıstanlı Robert Friçşlə bacarmayıb.
Digər təmsilçilərimizdən Rəşad Məmmədov (55 kq) 1/4 finalda Emin Seferşayevə (UWW), mübarizəyə 1/4 finaldan start verən Ziya Babaşov (63 kq) isə türkiyəli Kerem Kamala uduzub.
Məğlub olan güləşçilərimizin bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılıb-qatılmayacağı rəqiblərinin finala yüksəlib-yüksəlməyəcəyindən asılı olacaq.