İngiltərə Premyer Liqasında mövsümün taleyini həll edə biləcək “blokbaster” qarşılaşmasında “Mançester Siti” prinsipial rəqibi “Arsenal” üzərində vacib qələbə qazandı. Dramatik keçən görüşdə “şəhərlilər” geriyə düşsələr də, xarakter nümayiş etdirərək 2:1 hesablı zəfərə sevindilər.
Oyunun start fiti ilə hər iki komanda hücum futboluna üstünlük verdi. Artıq 4-cü dəqiqədə Rayan Şerki hesabı aça bilərdi, lakin Qabrielin müdaxiləsindən sonra top dirəyə dəyərək meydanı tərk etdi. Lakin gənc fransız ulduz 16-cı dəqiqədə istəyinə nail oldu: cərimə meydançasında müdafiəçini məharətlə keçən Şerki, dəqiq zərbə ilə “Siti” azarkeşlərini ayağa qaldırdı.
Lakin meydan sahiblərinin sevinci çox çəkmədi. Cəmi bir neçə dəqiqə sonra qapıçı Canluici Donnarumma bağışlanılmaz səhvə yol verdi. Topu uzaqlaşdırmaqda gecikən italyan qolkiper, Kay Havertsin təzyiqi ilə üzləşdi. Topun Havertsə dəyərək tora daxil olması hesabı bərabərləşdirdi – 1:1.
Fasilədən dərhal sonra “Siti” hücumlarını kəskinləşdirdi. 48-ci dəqiqədə yaranan qarışıqlıq zamanı Erlinq Holandın zərbəsi dirəkdən döndü. Lakin “Arsenal” da borclu qalmırdı. Mark Gehi-nin səhvindən yararlanan “topçular” əks-hücuma çıxsalar da, Haverts və Martinelli Donnarumma səddini keçə bilmədilər. Az sonra Ebereçi Ezenin uzaq məsafədən sarsıdıcı zərbəsi də “Siti”nin qapı dirəyinə tuş gəldi.
Oyunun həlledici anı 65-ci dəqiqədə yaşand. Donnarummanın sürətli ötürməsi ilə başlayan hücumda Niko O’Rayli mərkəzi asanlıqla keçdi. Ceremi Doku ilə divar paslaşmasından sonra O’Rayli topu cərimə meydançasına ünvanladı. Pusuya yatmış Erlinq Holand fürsəti boşa verməyərək “Siti”ni önə çıxardı – 2:1.
Oyunun son dəqiqələri “Arsenal”ın gərgin hücumları ilə yadda qaldı. Qabrielin dirəkdən dönən topu və Havertsin əlavə vaxtda qaçırdığı real qol vəziyyəti londonluların məğlubiyyəti ilə nəticələndi.Bu qələbədən sonra “Mançester Siti” liderlə aradakı xal fərqini 3-ə endirdi. Ehtiyatda bir oyunu olan Qvardiolanın yetirmələri artıq çempionluq taleyini öz əllərinə alıblar. Bir neçə həftə əvvəl böyük xal fərqi ilə öndə olan “Arsenal” üçün isə həyəcan təbili çalınmağa başlayır.