Premyer Liqanın 26-cı turunda səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gələn “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra mətbuat konfransında iştirak edib. Təcrübəli mütəxəssis həm komandanın çıxışını dəyərləndirib, həm də son vaxtlar barəsində gəzən istefa xəbərlərinə aydınlıq gətirib.
Tsxadadze ilk növbədə oyunçularının əzmkarlığını xüsusi qeyd edərək, qələbənin psixoloji tərəflərinə toxunub: “Futbolçularıma təşəkkür edirəm. Bu gün çox çalışdılar, yaxşı oyun nümayiş etdirərək uğurlu nəticə qazandılar. İlk dəqiqələrdən hiss olunurdu ki, komanda üzərində müəyyən gərginlik var. Birinci hissədə rəqibə hücum qurmaq şansı vermədik, fasilədən sonra isə onlar daha aktiv oldular. Mən uşaqlara dedim ki, siz daha yaxşı oynaya bilərsiniz, sadəcə özünüzə inanmalısınız. Hazırda hər oyun bizim üçün finala bərabərdir. Əsas məsələ güclü xarakter nümayiş etdirməkdir. Son uğursuzluqlara baxmayaraq, azarkeşlərin yanımızda olması bizə əlavə güc verir”.
Mətbuat konfransında ən diqqətçəkən məqam isə gürcü mütəxəssisin son vaxtlar mətbuatda yayılan əvəzlənmə xəbərləri və azarkeşlərin etirazları ilə bağlı verdiyi açıqlama olub. Tsxadadze bu çətin dövrü peşəkar şəkildə qarşıladığını bildirib: “Dünyanın hər yerində qayda belədir: komanda uduzursa, günahkar məşqçidir. Bu, bizim işimizin bir parçasıdır. Azarkeşləri anlayıram, onlar nəticə tələb edirlər. Onlarla görüşümüz oldu və mən xahiş etdim ki, bu cür təzyiqləri azaltsınlar. Çünki məşqçinin gedib-qalması ilə bağlı xəbərlər daxili atmosferə mənfi təsir edir, futbolçuların konsentrasiyasını pozur”.
Məşqçi həmçinin klub daxilindəki birliyin bu qələbədə böyük rol oynadığını vurğulayıb: “Mənim taleyimə rəhbərlik qərar verir. Rəhbərlikdə futboldan anlayan, təcrübəli insanlar var. Dünən çox mühüm bir hadisə yaşandı – klubun direktoru Səbuhi Səfiyarlı həm mənimlə, həm də futbolçularla görüşdü. Bu görüş komandaya çox müsbət təsir etdi. Futbolçular bir daha gördülər ki, biz vahid bir komandayıq. Bu dəstək bu gün meydandakı nəticədə öz sözünü dedi”.