Almaniya futbolunun canlı əfsanəsi Tomas Müller və onun sabiq komanda yoldaşları Portuqaliya futbolunda diqqətçəkən investisiya layihəsinə qoşulublar. Onların da yer aldığı beynəlxalq investisiya konsorsiumu ölkənin yüksək liqasında çıxış edən “Estrela da Amadora” klubunun nəzarət paketini satın alıb.
Portuqaliyanın “A Bola” nəşrinin məlumatına görə, konsorsium klubun nizamnamə kapitalının 90 faizini 40 milyon avro qarşılığında əldə edib.
Klubun yaydığı açıqlamada yeni səhmdar strukturunun “ADvantage” və “LEAD” şirkətlərinin rəhbərlik etdiyi, “KI Group” tərəfindən dəstəklənən beynəlxalq konsorsiumdan formalaşdığı bildirilib. Layihədə idman, texnologiya və investisiya sahələrinin nümayəndələri ilə yanaşı, dörd məşhur futbolçu da strateji investor kimi yer alıb.
Söhbət Tomas Müller, Mats Hummels, Yann Sommer və Lukas Ernandesdən gedir.
36 yaşlı Müller hazırda MLS təmsilçisi “Vankuver Uaytkeps”də çıxış edir. Hummels ötən il peşəkar futbolçu karyerasını başa vurub. Lukas Ernandes PSJ-nin, Yann Sommer isə Belçikanın “Brügge” klubunun formasını geyinir.
Dörd futbolçunun da beynəlxalq səviyyədə zəngin təcrübəsi var. Müller və Hummels 2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olublar. Ernandes isə 2018-ci ildə Fransa yığmasının heyətində dünya kubokunu qazanıb.
“Estrela da Amadora” 2020-ci ildə, eyniadlı sələfinin maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırmasından doqquz il sonra yenidən təsis edilib. Klub ötən mövsüm Portuqaliya çempionatını 15-ci pillədə başa vurub.
40 milyon avroluq sərmayənin “Estrela”nın həm idman, həm də maliyyə baxımından yeni mərhələyə keçməsinə şərait yaradacağı gözlənilir.
Beləliklə, futbolçu karyerasında “Bayern” Münhen və Almaniya millisində qazandığı böyük uğurlarla yadda qalan Tomas Müller bu dəfə meydandan kənarda – klub sahibi və investor kimi yeni futbol macərasına başlayıb.