Mətbuatda yayılan məlumatlara görə, FİFA prezidenti Canni İnfantino növbəti böyük qalmaqalla üz-üzədir. İddia olunur ki, ali futbol qurumu DÇ-2026-da çıxış edən və 1/16 finala qədər irəliləyən DR Konqo millisinin heyətində oynamaq hüququ olmayan futbolçunun çıxışına göz yumub.
“The New York Times” və “Le Monde” nəşrlərinin araşdırmasına əsasən, FİFA müstəntiqləri hələ mart ayında bu qanunsuzluqdan xəbərdar idilər. Lakin Canni İnfantino və ali futbol qurumunun baş katibi Mattias Qrafstryom məsələni ört-basdır etməyə üstünlük veriblər. DR Konqoya uduzan Nigeriyanın rəsmi şikayəti isə FİFA tərəfindən rədd olunub. Əgər Nigeriya tərəfinin etirazı təmin edilsəydi, Afrika təmsilçisinə DÇ-nin seçmə mərhələsi və Afrika Millətlər Kuboku da daxil olmaqla ümumilikdə 19 texniki məğlubiyyət verilə bilərdi.
Söhbət Konqo yığmasının 32 yaşlı qapıçısı Lionel Mpasi-Nzaudan gedir. Fransada doğulan və bu ölkənin aşağı yaş qruplarında çıxış edən qapıçının 3 ildən artıq müddətdə lazımi rəsmi sənədlər olmadan Afrika təmsilçisinin şərəfini qoruduğu bildirilir.
İddialara görə, İnfantinonun bu addımı atmasında əsas məqsəd Konqo Futbol Assosiasiyasının rəhbəri Veron Mosenqo-Omba ilə olan yaxın münasibətləridir. Tələbəlik illərindən tanış olan və 2016-cı ildə İnfantinonun seçki kampaniyasına rəhbərlik edən Mosenqo-Ombanın gələcək FİFA prezidenti seçkilərində isveçrəli funksionerə vacib səs dəstəyi təmin edəcəyi gözlənilir.
Nigeriya Futbol Federasiyasının rəsmisi Məhəmməd Sanusi məsələyə belə reaksiya verib: FİFA-nın təqdim olunan sənədlərlə aldadıldığını və bu səbəbdən həmin oyunçulara icazə verildiyini iddia edirik. Konqo tərəfi dürüst davranmayıb”.