160 milyonluq zirvədən işsizliyə: Rəhim Sterlinqin kədərli enişi
Bir vaxtlar dünya futbolunun ən parlaq ulduzlarından sayılan, transfer dəyəri 160 milyon avroya çatan Rəhim Sterlinq 31 yaşında klubsuz qalıb. Avtomobil qəzası və polisin araşdırmaları ilə gündəmə gələn ingiltərəli vinger gələcəyi qeyri-müəyyən olan karyerasının ən gərgin dövrünü yaşayır. Sterlinqin enişi 2022-ci ildə “Mançester Siti”dən ayrılıb “Çelsi”yə keçməsi ilə başladı.
Sterlinq 17 yaşında “Liverpul”un əsas heyətində debüt edərək Luis Suares və Daniel Starriclə birgə güclü hücum xətti formalaşdırdı. Bu istedadı görən “Mançester Siti” 2015-ci ildə onu 64 milyon avroya transfer etdi.
Onun karyerasındakı əsas dönüş nöqtəsi isə Pep Qvardiolanın gəlişi oldu. Kataloniya mütəxəssis Sterlinqi drıblinq və sürətini effektiv bitiriciliklə birləşdirən universal oyunçuya çevirdi. 2017–2020-ci illər arasında karyerasının pik nöqtəsini yaşayan futbolçu “şəhərlilər”in heyətində keçirdiyi 339 matçda 131 qol vurub, 95 məhsuldar ötürmə müəllifi oldu.
“Mançester Siti” ilə 4 premyer liqa çempionluğu daxil olmaqla ümumilikdə 11 titul qazanan Sterlinqin bazar dəyəri 2020-ci ildə 160 milyon avroya çatdı və bu, futbol tarixində 9-cu göstərici idi.
Lakin Qvardiolanın taktik dəyişiklikləri və yeni transferlər Sterlinqi ehtiyat oyunçular skamyasına məhkum etdi. 2022-ci ildə “Çelsi” onu 56 milyon avroya transfer etsə də, vinger “Stemford Bric”də gözləntiləri doğrultmadı.
Ardıcıl olaraq İngiltərə millisindəki (82 matç, 20 qol) yerini itirən futbolçu “Arsenal”a icarəyə verildi. Lakin Mikel Artetanın rəhbərliyi altında da uğursuz çıxış edərək (28 oyunda 5 asist) əsas heyətə düşə bilmədi.
Niderlandın “Feyenoord” klubu ona yeni şans yaratsa da, Rotterdama gəlişi meydandan kənar problemlərlə (iş icazəsi məsələləri və komandanın Belsikada məşq etməsi məcburiyyəti) yadda qaldı. Sterlinq orada cəmi 8 matçda forma geyindi.
İndi, 31 yaşında Rəhim Sterlinq yenidən klubsuzdur. Əlində heç bir konkret təklif olmayan təcrübəli oyunçu yay transfer pəncərəsində tam qeyri-müəyyənliklə üz-üzədir.