“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haland yeni imici ilə futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb. 26 yaşlı norveçli forvard özü ilə simvollaşan uzun saçlarını qırxdıraraq qeyri-adi “vikinq” üslubuna keçid edib.
Yeni mövsümdə “Mançester Siti” onsuz da bir çox dəyişikliklərlə yadda qalacaqdı. Pep Qvardiolanın gedişindən sonra baş məşqçi postuna Entso Mareskanın gətirilməsi ilə yanaşı, komandanın əsas qol silahı olan Halandın da vizual dəyişikliyə getməsi İngiltərə mətbuatının gündəmini zəbt edib. Norveçli futbolçu şəxsi “İnstagram” hesabında yeni saç düzümünü “Yeni mövsüm, yeni imic” şərhi ilə paylaşıb.
Lakin onun bu qərarı əfsanəvi isveçli hücumçu, 44 yaşlı Zlatan İbrahimoviç heç də birmənalı qarşılanmayıb.
Daha əvvəl norveçliyə “Güc saçlardadır” deyərək onları heç vaxt kəsdirməməyi tövsiyə edən Zlatan, Halandın ona etdiyi görüntülü zəng zamanı təəccübünü gizlədə bilməyib. Halandın yeni görünüşünə zarafatyana reaksiya verən isveçli veteran ona sərt “irad” bildirib: “Sən nədir, mərc uduzmusan? Aman Tanrım. Məni blokla və nömrəmi sil!”
Zlatan zəng zamanı həyat yoldaşı Helena Seqerin də bu gözlənilməz dəyişikliyə reaksiyasını çatdıraraq, “Yoldaşım sənin dəli olduğunu deyir”, – deyə əlavə edib.
İbrahimoviçin tövsiyəsinə məhəl qoymayan Halandın bu imic dəyişikliyinin ona düşərli olub-olmayacağı isə tezliklə yaşıl meydanlarda bəlli olacaq. Xatırladaq ki, ötən mövsüm İngiltərə Premyer Liqasında 27 dəfə fərqlənən norveçli hücumçu, yeni mövsümdə də bombardirlik yarışının bir nömrəli favoriti hesab olunur.
