Azərbaycan Premyer Liqasının V turunda “Sabah”a 0:3 hesabı ilə məğlub olan “Şəfa”nın baş məşqçisi Zaur Həşimov oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşmanı dəyərləndirib.
Gənc mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının nümayiş etdirdiyi oyundan ümumilikdə razı qaldığını bildirib. O, xüsusilə ilk qola qədər “Şəfa”nın topa nəzarət etdiyini, hücumlar qurduğunu və təhlükəli vəziyyətlər yaratdığını vurğulayıb.
Həşimov “Sabah”ın rəqibin gücünü nəzərə alaraq, komandasının layiqli mübarizə apardığını söyləyib: “İlk buraxdığımız qola qədər komandamın nümayiş etdirdiyi oyundan tam razı idim. Topa nəzarət edir, hücumlar qurur və təhlükəli vəziyyətlər yaradırdıq. Əlbəttə, rəqibin səviyyəsini nəzərə almalıyıq. Qarşımızda cəmi dörd gün əvvəl “Old Trafford”da “Mançester Yunayted”ə qarşı oynamış, heyəti tam komplektləşmiş güclü bir komanda var idi. Belə rəqib fonunda kifayət qədər ləyaqətli mübarizə apardıq.
Bizi məyus edən əsas məqam buraxdığımız qollardır. Təəssüf ki, fərdi səhvlərimiz nəticəsində qapımızda qollar görürük. Bununla belə, komandamın oyunundan narazı qaldığımı deyə bilmərəm. Gələcəkdə daha yaxşı çıxış edəcəyik. İndidən deyə bilərəm ki, biz bu çempionata xüsusi maraq və rəng qatırıq”.
Baş məşqçi “Şəfa”nın çox qol buraxmasından narahat olduğunu da etiraf edib. Bununla belə, Həşimov komandasının əsasən çempionluq uğrunda mübarizə aparan rəqiblərlə oyunlarda bu problemlə üzləşdiyini qeyd edib: “Bəli, bu məsələ bizi narahat edir. Lakin nəzərə almaq lazımdır ki, əsasən çempionluq uğrunda mübarizə aparan iddialı komandalarla oyunlarda çox qol buraxırıq. Əlbəttə, bu reallıqla barışmaq istəmirik. Bununla belə, mövcud vəziyyəti də düzgün qiymətləndirməliyik”.