Braziliyanın “Şapekoense” klubu komanda üzvlərinin həlak olduğu dəhşətli təyyarə qəzasının 10-cu ildönümü ilə əlaqədar xüsusi xatirə matçı keçirəcəyini açıqlayıb. Braziliya təmsilçisi on il əvvəl finalda qarşılaşmalı olduğu Kolumbiyanın “Atletiko Nasyonal” klubu ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
Görüş sentyabrın 26-da Kolumbiyanın Medellin şəhərində baş tutacaq. Xatırladaq ki, 30 noyabr 2016-cı ildə Cənubi Amerikanın nüfuzuna görə ikinci ən böyük klub turniri olan Cənubi Amerika Kubokunun (Copa Sudamericana) ilk final matçı çərçivəsində məhz bu şəhərdə adıçəkilən komandalar qarşılaşmalı idi.
Lakin həmin tarixi oyundan iki gün əvvəl “Şapekoense” futbolçularını, məşqçi heyətini və jurnalistləri daşıyan təyyarə yanacaq çatışmazlığı səbəbindən Medellin hava limanına 20 kilometr qalmış qəzaya uğrayıb. Faciədə “Şapekoense”nin əksər futbolçuları da daxil olmaqla, ümumilikdə 71 nəfər həyatını itirdi.
Bu dəhşətli hadisədən sonra “Atletiko Nasyonal” rəhbərliyinin nəcib təşəbbüsü və xahişi ilə turnirin kuboku “Şapekoense”yə təqdim edildi. Bu addım iki klub arasında qırılmaz və xüsusi bir mənəvi bağ yaratdı. Daha sonra FİFA rəqibinə qarşı nümayiş etdirdiyi bu hərəkətə görə Kolumbiya klubunu xüsusi “Fair Play” (Ədalətli oyun) mükafatı ilə təltif etdi.
Xatırladaq ki, həmin dəhşətli təyyarə qəzasında cəmi altı nəfər sağ qalmışdı ki, onlardan üçü “Şapekoense”nin futbolçuları idi. Faciədən sağ çıxan oyunçuların sonrakı taleyi isə fərqli cızıldı.
Alan Ruşel aldığı ağır travmalara rəğmən, möcüzəvi şəkildə sağalaraq yaşıl meydanlara qayıtmağı bacardı və peşəkar karyerasını başqa klubda davam etdirdi.
Neto uzunmüddətli və ağır müalicə kursu keçsə də, zədələri onun bir daha peşəkar futbolçu kimi yaşıl meydanlara dönməsinə imkan vermədi. Qəza nəticəsində ayağı amputasiya olunan sabiq qapıçı Cekson Follman üçün futbol karyerası bitsə də, o, fərqli bir yol seçdi. Hazırda o, həyatını müğənni və din xadimi kimi davam etdirir.