Sofiya ÇSKA-sının baş məşqçisi Hristo Yanev “Qarabağ”la keçiriləcək cavab qarşılaşmasında “işləyən sistemi dəyişməzlər” prinsipini rəhbər tutacaq. Bolqarıstan təmsilçisi Bakıdakı ilk matçda meydana çıxan start heyətini cavab oyununda da olduğu kimi qoruyacaq.
Sabah “Vasil Levski” stadionunda saat 22:00-da start götürəcək qarşılaşmada “hərbiçilər” meydanda yenə 3-5-1 sxemi ilə yer alacaqlar. Məqsəd mərkəz zonasını sıx saxlamaq və keyfiyyətli heyətə malik rəqibə boş sahələr buraxmamaqdır.
Bakıdakı “quru” oyunda böyük pay sahibi olan Jan-Filip Qbamen müdafiə xəttinin əsas yükünü öz üzərinə götürəcək. O, yan tərəflərində oynayan Teodor İvanov və Fakundo Rodrigesə güvən və sakitlik aşılayır. Cinahlarda isə Pastor və Anxelo Martinodan yüksək dinamika tələb olunacaq.
Yarımmüdafiə xəttində Sensi, Jordao və Ebonq üçlüyü dəstək verəcək.
Məşqçilər korpusunun qərarı ilə Bakı səfərinə aparılmayan, sonradan heyətə qaytarılsa da “Botev”lə oyunda şans qazanmayan Ceyms Eto’o matça ehtiyat skamyada başlayacaq. Camerunlu futbolçunun ikinci hissədə oyuna daxil olacağı gözlənilir.
Paytaxt klubunun qol ümidləri isə hazırda əla formada olan İoannis Pitas və Santyaqo Qodoy tandeminə həvalə olunacaq.