“Sabah”ın serbiyalı futbolçusu Velko Simiç cari mövsüm UEFA Çempionlar Liqasındakı məhsuldar oyunu ilə Azərbaycan futbolu tarixində yeni rekorda imza atıb.
33 yaşlı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsraildə “Hapoel”ə (Beer-Şeva) qarşı keçirilən ilk oyunda (1:2) komandasının yeganə qolunu vuraraq diqqət mərkəzinə düşüb. Bu qol Simiçin cari avrokubok mövsümündə ardıcıl olaraq fərqləndiyi 5-ci matç olub.
Serbiyalı futbolçu bu mövsüm Çempionlar Liqasında əsl qol seriyası yaxalayıb. O, II təsnifat mərhələsində Finlandiyanın “KuPS” klubuna qarşı hər iki görüşdə (1:0, 2:0), III təsnifat mərhələsində isə Danimarkanın “Orxus” komandası ilə hər iki qarşılaşmada (1:2, 4:0) rəqib qapısına yol tapıb. Simiç bu məhsuldarlığını pley-off mərhələsinin İsraildə keçirilən ilk oyununda “Hapoel”ə qarşı da davam etdirib.
Beləliklə, Simiç Azərbaycan futbolu tarixində Çempionlar Liqasında ardıcıl 5 oyunda qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Bundan əvvəl rekord “Qarabağ”ın hücumçularına məxsus idi. Redon Cica 2023/2024, Juninyo isə 2024/2025 mövsümündə Çempionlar Liqasının ardıcıl 4 oyununda fərqlənmişdi. Cica həmin seriya ərzində I və II təsnifat mərhələlərində 4 matçda 5, Juninyo isə II və III təsnifat mərhələlərində 4 görüşdə 6 qol vurmuşdu. Simiçin isə rekordunu daha da yaxşılaşdırmaq imkanı var. Serbiyalı futbolçu Bakıda keçiriləcək “Hapoel”lə cavab oyununda da fərqlənəcəyi təqdirdə, ardıcıl 6 Çempionlar Liqası matçında qol vurmaqla öz rekordunu yeniləyəcək.