“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Uelsdə “Nyu Seynts”ə qarşı keçirilən və 2:1 hesabı ilə qazandıqları cavab matçını dəyərləndirib.
Litvalı mütəxəssis mətbuat nümayəndələrinə açıqlamasında ilk növbədə komandasını və ölkənin futbol ictimaiyyətini təbrik edib: “İlk növbədə, futbolçuları, Azərbaycan futbol ictimaiyyətini və bütün ‘Sabah’ azarkeşlərini Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlməyimiz münasibətilə təbrik edirəm. Düşünürəm ki, hazırda ən vacib olan məqam da elə budur”.
Baş məşqçi matçın gedişatını təhlil edərkən, komandasının vurduğu erkən qollar sayəsində intriqanı öldürdüyünü vurğulayıb: “İki oyunluq qarşıdurmaya bütövlükdə nəzər salsaq, bu matç mübarizənin ikinci hissəsi idi. Biz bilirdik ki, rəqib daha açıq futbol oynamağa və riskə getməyə məcburdur. İlk dəqiqələr meydana və şəraitə uyğunlaşmağa sərf olundu. Lakin 15-20 dəqiqədən sonra tamamilə oyuna nəzarəti ələ aldıq. Əvvəlcə bir, ardınca isə ikinci qolu vurduq. Düşünürəm ki, bundan sonra ikinci hissə bizim üçün daha çox rəsmiyyət xarakteri daşıyırdı. Rəqib də faktiki olaraq final fitini gözləyirdi. Biz də bu fürsətdən istifadə edərək bəzi futbolçularımıza oyun təcrübəsi qazandırdıq.
Təbii ki, daha çox fərqlənmək istəyirdik və imkanlarımız da oldu, sadəcə dəyərləndirə bilmədik. Rəqibin də qola çevirə bilmədiyi bir neçə yarım-məqamı oldu. Sonda buraxdığımız qol isə sırf öz səhvimizin nəticəsidir. Matçı qapımızı toxunulmaz saxlamaqla başa vurmaq daha xoş olardı. Buna baxmayaraq, iki oyunun ümumi nəticəsini birmənalı şəkildə müsbət qiymətləndirirəm”.
Dambrauskas sıx qrafikdə vaxt itirmədən növbəti mərhələnin hazırlıqlarına başlayacaqlarını və diqqətlərini Finlandiyanın KuPS klubuna yönəldəcəklərini bildirib: “İndi Bakıya qayıdıb növbəti mərhələyə hazırlaşmalıyıq, çünki bizi çox sıx təqvim gözləyir. Artıq gələn həftənin çərşənbə axşamı yeni rəqibimiz KuPS-a qarşı meydana çıxacağıq. Düzünü desəm, indiyə qədər bütün diqqətim TNS (“Nyu Seynts”) ilə oyunlara yönəlmişdi. Finlandiya klubunun taktiki düzülüşü və oyun fəlsəfəsi barədə müəyyən təsəvvürlərim olsa da, onları hələ detallı şəkildə analiz etməmişik.Evə dönən kimi rəqibin oyunlarını dərindən təhlil etməyə başlayacağıq. Əlimizdə lazım olan bütün materiallar və informasiya var. Komandanı çərşənbə axşamı keçiriləcək vacib sınağa ən yaxşı şəkildə hazırlamaq üçün qarşıdakı günlərdə bizi gərgin iş prosesi gözləyir”.