Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Uels təmsilçisi “Nyu-Sents”i 2:0 hesabı ilə məğlub edən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. Litvalı mütəxəssis tarixi qələbə münasibətilə komandasını və azarkeşləri təbrik edib, eyni zamanda cavab oyunu öncəsi xəbərdarlıqlarını diqqətə çatdırıb.
Qarşılaşmanın olduqca çətin keçdiyini bildirən Dambrauskas, rəqibin qapalı oyununa hazırlıqlı olduqlarını vurğulayıb: “Futbolçularımı və Azərbaycanın futbol ictimaiyyətini Çempionlar Liqasındakı ilk qələbəmiz münasibətilə ürəkdən təbrik edirəm. Çox ağır oyun oldu. Biz hələ təlim-məşq toplanışında futbolçularla bu barədə danışmışdıq və bilirdik ki, bizi belə bir ssenari gözləyir. Onlara demişdim ki, gələcəkdə dərindən müdafiə olunan komandalara qarşı daha çox oynamalı olacağıq. Belə rəqiblərlə matçlarda maksimum səbirlə davranmaq lazımdır. Komandamın nümayiş etdirdiyi oyundan çox razıyam”.
Qələbəyə sevinən baş məşqçi, son dəqiqələrdə müdafiəçi Stiv Solvenin qırmızı vərəqə alaraq cəzalı duruma düşməsinə təəssüfləndiyini gizlətməyib. Solvenin komanda üçün çox vacib bir oyunçu və fantastik xarakterə malik bir insan olduğunu vurğulayan Valdas Dambrauskas, ötən mövsüm də bəzi matçları onsuz keçirməli olduqlarını xatırladıb. Onun yoxluğunun komanda üçün çətin olacağını etiraf edən mütəxəssis, hər şayə rəğmən bu vəziyyətin öhdəsindən gəlməyə çalışacaqlarını bildirib. Ehtiyatda Solveni əvəz edə biləcək iki keyfiyyətli futbolçunun olduğunu qeyd edən baş məşqçi, səfər matçında maksimum diqqətli olmağın vacibliyini diqqətə çatdırıb. Dambrauskas rəqibin iki qol fərqi ilə geridə olduğunu və vəziyyəti dəyişmək üçün evdə daha aktiv şəkildə irəli atılacağını, bunun da meydanda boş zonalar yaradacağını və komandasının məhz həmin boşluqlardan maksimum yararlanmağa çalışacağını əlavə edib.
Dambrauskas 2:0 hesabının yaxşı nəticə olduğunu, lakin Uelsdəki süni örtüklü meydançada keçiriləcək matçın asan keçməyəcəyini vurğulayıb: “Əlbəttə, 3:0 hesabı 2:0-dan daha yaxşı olardı. Səfərdə rəqib daha çox risk edəcək və daha cəsarətli oynayacaq. İnanıram ki, uzaq yoldan və süni örtük faktorundan asılı olmayaraq, cavab oyununda heç bir bəhanəyə sığınmadan növbəti mərhələ üçün lazım olanı edəcəyik”.
Jurnalistlərin transfer pəncərəsi və Solvenin cəzasının təxirə salınması ilə bağlı suallarına cavab verən mütəxəssis, klubda hər kəsin öz işi ilə məşğul olduğunu qeyd edib: ” Transfer məsələlərinə gəlincə, bu barədə danışmaq hələ tezdir. Heyəti gücləndirmək üçün işlərimiz heç vaxt dayanmır – transfer pəncərəsinin açıq və ya bağlı olmasının fərqi yoxdur. Hazırda əsas diqqətimiz Uelsdəki matça tam hazır olmaq və futbolçuların bərpasıdır”.