“Sabah“ klubunun baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Danimarkanın “Orxus“ komandasına qarşı keçirilən səfər matçından (1:2) sonra mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.
Litvalı mütəxəssis komandasının əzmkarlığını yüksək qiymətləndirərək, rəqibin qələbəyə layiq olmadığını bildirib: “Çətin oyun alındı. Buradakı ab-hava bizim üçün asan deyildi və rəqibin möhtəşəm azarkeşləri var. Hesabda 0:2 geridə olarkən bir qolun əvəzini çıxdıq və düşünürəm ki, ən azı heç-heçəyə layiq idik. Komandam haqqında yalnız müsbət sözlər deyə bilərəm. Mən deməzdim ki, rəqib bu qələbəyə layiq idi, ona görə də nəticədən kifayət qədər məyusam. Lakin rəqib futbolçu iki möhtəşəm zərbə endirdi və fərqləndi. Buna nə demək olar? Afərin. Ümid edirəm ki, evdə onlara belə şanslar verməyəcəyik”.
Matçın sonlarında ləğv edilən qola da toxunan Dambrauskas, hakimlərin qərarına hörmətlə yanaşdığını qeyd edib: “Biz qolumuzu vurduq və hücumları davam etdirdik. Daha bir qolumuz isə qeydə alınmadı. Həmin epizodun təkrarına baxmamışam, amma VAR sistemi var və mən ona güvənirəm. Ofsayd qeydə alınıbsa, deyiləcək heç nə yoxdur. Bir top fərqi ilə məğlubiyyət bizə evdə nələrə qadir olduğumuzu göstərmək şansını saxlayır. Həmişəki kimi sakit və özümüzə inamlı olmalıyıq. Vətənə dönüb cavab görüşünə hazırlıqlara başlayacağıq və orada daha yaxşı oyun sərgiləməyə çalışacağıq”.
Çıxışının sonunda baş məşqçi «Sabah» azarkeşlərinə müraciət edərək, onları Bakıda keçiriləcək həlledici qarşılaşmada komandaya dəstək olmağa səsləyib: “Əziz «Sabah» azarkeşləri, gəlin Bakıda Danimarkadakından daha möhtəşəm ab-hava yaradaq. Sizin dəstəyiniz, coşqunuz və inamınızla biz uğur qazana bilərik. Qolları komanda vurur, amma inanıram ki, siz bizə mərhələni keçmək üçün əlavə güc verəcəksiniz. Birlikdə buna nail ola bilərik. Gəlin, stadionu dolduraq və komandamıza dəstək olaq. Azərbaycandakı azarkeşlik mədəniyyəti Avropada, eləcə də Danimarkada olduğundan heç də geri qalmamalı, eyni səviyyədə olmalıdır”.