İsraildəki dramatik məğlubiyyətdən sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas təslim olmağa niyyətli deyil. Təcrübəli mütəxəssis Buxarestdəki 1:2 hesablı nəticəyə baxmayaraq, komandasının cavab matçında hər şeyi dəyişə biləcəyinə inandığını deyib.
Litvalı mütəxəssis erkən qola baxmayaraq üstünlüyü qoruya bilmədiklərini, lakin ümidlərinin hələ bitmədiyini bildirib: “Matça qolla başlasaq da, sonradan oyunun ipini əldən verdik. Rəqib çox keyfiyyətli komandadır. Məğlubiyyətə baxmayaraq, nəticə növbəti mərhələ uğrunda mübarizə aparmaq üçün bizə hələ də şans var. Əvvəlki mərhələdə Danimarkanın “Orxus” komandası ilə də ilk oyundan sonra eyni hesabla üzləşmişdik, lakin sonda mübarizənin taleyini dəyişməyi bacarmışdıq. Onlarla necə oynamalı olduğumuzu yaxşı bilirik. Bu matçda daha çox qol vura bilərdik. Mən inanıram ki, biz hesabı xeyrimizə dəyişə bilərik. Bunun üçün rəqibi səhv etməyə məcbur etməli və irəli oynamalıyıq”.
Rəqibin oyun üslubunu və baş məşqçisini tərifləyən Dambrauskas onları analiz edərkən təəccübləndiklərini də gizlətməyib: “Hapoel Beer-Şeva”nıtəhlil edərkən onların nə qədər cəsarətli oynadıqları məni təəccübləndirdi. Çox yaxşı baş məşqçiləri var və komandanın kifayət qədər üstün cəhətləri mövcuddur. Fürsətdən istifadə edərək onların çalışdırıcısını təbrik etmək istəyirəm. Çünki çox özünəməxsus oyun üslubuna malikdirlər”.
Sonda baş məşqçi cavab matçını doğma azarkeşləri önündə, lakin başqa stadionda keçirəcəklərinə toxunub: “Stadionumuzun aztutumlu olması səbəbindən cavab matçını öz meydanımızda keçirə bilməyəcəyik. Amma biz artıq ‘Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Qarabağ”a qarşı üç dəfə oynamışıq. Əminəm ki, doğma divarlar arasında, azarkeşlərimizin dəstəyi ilə yenə çox yaxşı oynaya bilərik”.