Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) UEFA-nın “Turan-Tovuz” klubu ilə bağlı qəbul etdiyi qərarı ictimaiyyətə açıqlayıb. Qurumun yaydığı məlumata görə, UEFA-nın Apellyasiya orqanı Tovuz təmsilçisinin 2026/27 mövsümündə UEFA Konfrans Liqasında iştirakına qadağa qoyub.
Səbəb kimi klubun UEFA Konfrans Liqasının 2026/27 mövsümü üçün mövcud olan 4.01(g) maddəsindəki lisenziyalaşdırma və iştirak kriteriyalarına cavab verməməsi göstərilib. Sözügedən bənd birbaşa və ya dolayı yolla oyunların nəticələrinə təsir etməyə yönəlmiş fəaliyyətdə, eləcə də danışılmış oyunların təşkilində iştirakı qadağan edir.
Xatırladaq ki, “Turan-Tovuz” rəsmi bəyanat yayaraq, UEFA-nın bu qərarı ilə razılaşmadığını və məsələni beynəlxalq hüquq müstəvisinə – İdman Arbitraj Məhkəməsinə (CAS) daşıyaraq apellyasiya şikayəti verəcəyini elan edib.