UEFA Avropa futbolunda Video Köməkçi Hakim (VAR) sisteminin tətbiqində vahid və daha aydın meyarlar müəyyənləşdirmək məqsədilə “Clear Line” (“Aydın xətt” və ya “Dəqiq sərhəd”) adlanan açıq video-baza platformasını təqdim edib. Təxminən 8 illik VAR təcrübəsinə və 100-dən çox mübahisəli videoepizoda əsaslanan bu layihə avrokuboklarda hakimlik standartlarına yeni istiqamət verəcək.
Platformanın ana xəttini VAR-ın hər mübahisəli epizoda müdaxilə etməməsi ideyası təşkil edir. Videoassistend yalnız matçın gedişatına birbaşa təsir göstərə biləcək aşkar səhvləri və ya gözlərdən yayınan ciddi epizodları düzəltməlidir. UEFA bununla futbolun ritmini pozan “mikroskopik” incələmələrdən uzaqlaşmağı hədəfləyir.
Bu prinsiplər 2026/27 mövsümündən etibarən Avropa kuboklarında VAR-ın fəaliyyətində əsas meyar kimi tətbiq olunacaq.
Diqqətçəkən məqamlardan biri də “Clear Line”ın yalnız referilər üçün deyil, həm də futbolçular, məşqçilər, klub rəsmiləri, jurnalistlər və azarkeşlər üçün açıq olmasıdır. Məqsəd VAR-ın hansı situasiyada oyuna müdaxilə etməli, hansı hallarda isə kənarda qalmalı olduğunu futbol ictimaiyyətinə dürüst və aydın şəkildə izah etməkdir.
UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rozetti bildirib ki, müasir futbolun ən çox müzakirə olunan suallarından biri VAR-ın məhz hansı məqamda prosesə qoşulmasıdır. Rozettinin sözlərinə görə, “Clear Line” epizodların qiymətləndirilməsində hər kəs üçün vahid və anlaşılan xətt formalaşdırmaq məqsədi daşıyır.
UEFA qaydaların şərhində qəsdən daha sadə və rahat anlaşılan ifadələrdən istifadə edildiyini vurğulayıb. Bu, tövsiyələrin yalnız peşəkar hakimlər üçün deyil, geniş azarkeş auditoriyası üçün də əlçatan olmasını təmin edir.
Bununla yanaşı, qurum VAR yoxlamalarının standartlaşdırılmış prosesinə dair də təlimat dərc edib. Təlimatda xüsusi qeyd olunur ki, epizodun təkrarına baxış zamanı mütləq ən inandırıcı, aydın və dürüst kadrlar əsas götürülməlidir.