Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və quruma üzv olan 55 milli federasiya FİFA-nın Dünya Çempionatına özəl investorları cəlb etmək planına qarşı sərt mövqe nümayiş etdirib. UEFA rəsmi bəyanatında bildirib ki, sözügedən layihə tamamilə gündəmdən çıxarılmayacağı təqdirdə, Avropa komandaları FİFA-nın təşkil etdiyi turnirləri boykot etmək hüququnu özündə saxlayacaq.
FİFA dünya futbolunun inkişafı adı altında özəl investorların iştirakı ilə büdcəsini 20 milyard dollar (təxminən 18 milyard avro) artırmağı planlaşdırır. UEFA isə bu təşəbbüsü “futbolun ruhunun kommersiyalaşdırılması” kimi qiymətləndirərək qəti etirazını ifadə edib.
UEFA-nın fövqəladə iclasından sonra yayılan bəyanatda vurğulanır ki, Dünya Çempionatı investorlar üçün gəlir mənbəyi deyil, nəsillər boyu futbolçuların və azarkeşlərin formalaşdırdığı ümumbəşəri idman irsidir. Buna görə də turnirin kommersiya obyektinə çevrilməsi qəbuledilməz hesab olunur.
Bəyanatda, həmçinin belə mühüm qərarın futbol ictimaiyyəti ilə məsləhətləşmələr aparılmadan və şəffaf müzakirələr keçirilmədən hazırlanmasının FİFA-da ciddi idarəetmə problemlərinin göstəricisi olduğu qeyd edilir.
UEFA xəbərdarlıq edib ki, təklif tamamilə ləğv olunmayana və onun gələcəkdə bir daha gündəmə gətirilməyəcəyinə dair hüquqi zəmanət verilməyənə qədər Avropa futbolu FİFA-nın turnirlərini boykot etmək variantını gündəmdə saxlayacaq. Qurumun yekun bəyanatında isə ən sərt mesaj səsləndirilib: “Bəzi dəyərlər pulla ölçülə və satıla bilməz. FİFA Dünya Çempionatı bütün futbol ictimaiyyətinə məxsus irsdir və həmişə belə qalacaq. Avropanın söz haqqı olduğu müddətdə bu irs heç vaxt satılmayacaq”.