Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupun matçlarına ev sahibliyi edəcək məkan müəyyənləşib.
Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, oktyabrın 27-dən 30-dək təşkil olunacaq qarşılaşmalar Polşanın Qlivitse şəhərində yerləşən “PreZero Arena”da baş tutacaq.
Təməli 2018-ci ildə qoyulan və inşası 98 milyon avroya başa gələn bu müasir idman qurğusu 13 752 azarkeş tutumuna malikdir. Müxtəlif illərdə “Podium Hol” və “Qlivitse Arena” adları ilə tanınan idman kompleksi, 2023-cü ildə bağlanan sponsorluq müqaviləsinə əsasən “PreZero Arena” adlandırılıb.
“Araz-Naxçıvan” 5-ci qrupda yerli “Pyast” (Polşa) ilə yanaşı, “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypeşt” (Macarıstan) klubları ilə mübarizə aparacaq.