Bir vaxtlar dünya futbolunun ən parlaq hücumçularından biri olan sabiq fransalı Tyerri Anri bu dəfə daşınmaz əmlakı ilə gündəmə gəlib. Karyerasını başa vurduqdan sonra investisiya fəaliyyəti ilə də məşğul olan Anri A Seriyasında çıxış edən “Komo”nun investorlarından biridir və bir neçə dəyərli daşınmaz əmlaka sahibdir.
Onun mülkləri arasında Manhettendə yerləşən dəbdəbəli penthaus xüsusi diqqət çəkir. Anri 2010-cu ildə “Nyu-York Red Bullz”un formasını geyindiyi vaxt penthausu və onun bir mərtəbə aşağısında yerləşən mənzili satın alıb.
“Wall Street Journal”ın məlumatına görə, sabiq futbolçu həmin daşınmaz əmlaka o vaxt təxminən 13,6 milyon avro ödəyib. Hazırda isə mülk 22,8 milyon avro qiymətinə satışa çıxarılıb.
Anri və həyat yoldaşı Andrea Rayaçiş penthausda bir neçə dəfə əsaslı təmir işləri aparıblar. Mülkdə açıq hava üçün xüsusi istirahət zonası, manqal sahəsi və geniş qonaq otağı yaradılıb.
Cütlük bu əmlakı ilk dəfə 2025-ci ilin yanvarında satışa çıxarsa da, penthausla bağlı emosional bağlılıq səbəbindən sonradan qərarından vaz keçib. İndi isə Anri Manhettendəki dəbdəbəli mülkünü yenidən satışa çıxarmaq qərarına gəlib.