UEFA-nın “Turan Tovuz” klubunu Konfrans Liqasından kənarlaşdırması ilə bağlı məlumatlar yayılıb. İddiaya görə, bu qərarın arxasında bir neçə il əvvəl klubun 7 futbolçusunun adının hallandığı danışılmış oyunlarla bağlı araşdırma dayanır.
Söhbət Şahin Quluzadə, Misir Rüstəmov, Sənan Qocayev, Emin Bağırov, Rüfət Məmmədov, İlkin Sadıqov və Eltay Tağıyevdən gedir. 2019-cu ildə UEFA bu futbolçuların oyun alqı-satqısında iştirak etdiyi barədə AFFA-nı məlumatlandırmış və faktlar təsdiqləndikdən sonra həmin şəxslər futboldan ömürlük (və ya uzun müddətə) kənarlaşdırılmışdılar.
Mənbələrin məlumatına görə, bu vəziyyət klubun avrokuboklardakı taleyinə ciddi təsir göstərə bilər. Belə olan halda, “Turan Tovuz”un yerinə “Zirə”nin turnirə qatılacağı gözlənilir. Bu ssenaridə “Neftçi”nin mübarizəyə Konfrans Liqasının II təsnifat mərhələsindən, “Zirə”nin isə I mərhələdən başlayacağı ehtimal olunur.
“Turan Tovuz” rəhbərliyi qərara qarşı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Klub rəsmi mövqe bildirməyib və son qərarı gözləyir. Bununla belə, təhlilçilər qeyd edirlər ki, qərarın qüvvədə qalacağı təqdirdə, tovuzluların yalnız bu mövsüm deyil, gələcəkdə qazanacaqları vəsiqələrdən də məhrum edilmə riski var.