“Slaviya”nın baş məşqçisi Yindrix Trpişovski UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib. Çexiyalı mütəxəssis komandasının Bakıdakı matçda gözlədiyi səviyyədə çıxış etmədiyini etiraf edib.
“Biz oyunu düzgün qura bilmədik, xüsusilə də ilk hissəni. Halbuki fasiləyə 0:0 hesabı ilə yollandıq. Məğlubiyyətin bir neçə səbəbi var. Səhvlərə yol verməməli idik, üstəlik, özümüz də qol vura bilmədik. Niyə alınmadığını bilmirəm. Bəlkə də bəzi mövqelərdə zəif oynadıq. Rəqibin pressinqi ilə üzləşdik və top itkilərinə yol verdik. İkinci hissədə “Sabah” təzyiqi artırdı və yarımmüdafiədə bizi üstələdi. Futbolçularım çox məyusdurlar. Əlimizdən gələni etdik”, – deyə Trpişovski bildirib.
Mütəxəssis “Sabah”la görüşün Fransanın “Lans” klubu ilə əvvəlki matçdan fərqinə də toxunub. Onun sözlərinə görə, komandasının zəif tərəfləri var və Bakıdakı oyunda gözlədiyi mənzərə ilə qarşılaşmayıb.
“Biz hansısa səbəbdən uduzduq. Zəif tərəflərimiz var. Düşünürdüm ki, qol imkanları yaradacaq və qalib gələcəyik. Lakin yaxşı oynamadıq. Rəqib qalib gəlməyi bacaran komandadır. Cərimə meydançasında ağıllı davranmaq lazımdır. Oyunun gedişində vəziyyəti dəyişmək futbolçuların fərdi ustalığından da asılıdır.
Yaşadıqlarımızı yaşadıq. Bir çox məsələyə toxunmaq istəmirəm. Favorit sayılmaq üçün şanslarımız azdır. “Lans”la oyuna yaxşı hazırlaşmışdıq. Ancaq “Sabah”la görüşdə gözlədiyim oyunu görmədim”, – deyə çexiyalı çalışdırıcı vurğulayıb.