Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli İtaliya millisinin hələ də mundiala qatılmaq şansının olduğunu iddia edir. O, hazırkı siyasi gərginlik fonunda İran yığmasının turnirdən kənarlaşdırılması və “Skuadra Adzurra”nın onları əvəzləməsi üçün lobbi fəaliyyəti yürütdüyünü açıqlayıb.
Zampolli La Gazzetta dello Sport nəşrinə müsahibəsində prosesin pərdəarxası məqamlarına toxunub. O, bu təşəbbüsün birbaşa ABŞ-ın dövlət maraqlarına xidmət etdiyini vurğulayıb: “Mənim iki rəisim var: Donald Tramp və Marko Rubio. İdmanla bağlı bu ideya birbaşa Dövlət Katibindən gəlib, çünki Tramp administrasiyası biznes yönümlüdür. İdman isə bir çox qapıları açan qlobal açardır”.
Zampolli Tramp administrasiyasının nüfuzundan istifadə edərək Canni İnfantino ilə bu məsələni müzakirə etdiyini gizlətmir. FIFA reqlamentində İtaliyanın xeyrinə işləyə biləcək iki əsas bənd vurğulanır. Birincisi, hər hansı siyasi və ya texniki səbəbdən İran millisi turnirdən kənarlaşdırılarsa, onun yerinə başqa bir komandanın dəvət edilməsi proseduru işə düşməlidir. İkincisi isə İtaliya yığmasının dünya çempionatından kənarda qalan komandalar arasında həm tarixi uğurlarına (4 titul), həm də mövcud reytinqinə görə ilk sırada yer almasıdır. Məhz bu faktorlar “Skuadra Azzurra”nı vakant yer üçün bir nömrəli namizədə çevirir.
İran tərəfi oyunların ABŞ-da keçirilməsinə baxmayaraq turnirə qatılacağını bəyan etsə də, Zampolli buna şübhə ilə yanaşır. O, təhlükəsizlik və siyasi faktorların hələ də masada olduğunu qeyd edib: “İranlıların nə demək istədiyini anlamaq lazımdır, çünki onlara etibar etmək çox çətindir. İndi komandanın gələcəyini deyirlər, bəs onların ətrafındakı rəsmi nümayəndə heyəti? Mövcud hadisələr fonunda onların ABŞ-da xoş qarşılanacağını demək çətindir. Məsələ hələ də açıq qalır”.