“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08
Dünya futbolu

Bu amansız mübarizənin dərin köklərini xatırlayanlar azdır. İngiltərə və Argentina arasındakı hər qarşıdurma zamanla futbol sərhədlərini aşan bir savaşa çevrilib. Azarkeşlərin yaddaşında daha çox 1986-cı il Meksika mundialının 1/4 finalı və Dieqo Maradonanın məşhur “Tanrının əli” qolu həkk olunub. Lakin bu iki nəhəngin dünya çempionatlarındakı demək olar ki, hər matçı gözlənilməz dramatikliyi ilə seçilib, hakimlər isə bu duellərdə həmişə baş rolda olublar.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi turnirin Atlantadakı yarımfinal qarşılaşması finala vəsiqə uğrunda həlledici döyüşdür. Lakin bu görüş, sadəcə idman əhəmiyyəti ilə deyil, həm də iki ölkə arasındakı fırtınalı tarix və keçmiş toqquşmaların kölgəsində baş tutacaq.

İlk qığılcımlar: Çili və 1966-cı ilin “Uembli” qalmaqalı

İki nəhəngin Dünya Çempionatlarındakı (DÇ) ilk görüşü 1962-ci ildə Çilidə baş tutub. Həmin vaxt İngiltərə qrup mərhələsində 3:1 hesabı ilə qalib gəlmiş, Argentina isə turniri erkən tərk etmişdi.

Dörd il sonra, İngiltərənin ev sahibliyi etdiyi və yeganə çempionluğunu qazandığı DÇ-1966-da isə əsl dram yaşandı. Meydan sahibləri Londondakı “Uembli” stadionunda keçirilən 1/4 final matçında rəqibini 1:0 hesabı ilə üstələdi. Lakin bu oyun futbol tarixinə hesabdan daha çox, argentinalı müdafiəçi Antonio Rattinin qərbi almaniyalı baş hakim Rudolf Kraytlyayn tərəfindən meydandan qovulması ilə düşdü.

O vaxtlar hələ sarı və qırmızı vərəqələr tətbiq olunmurdu, lakin hakim kobud oyuna görə futbolçunu meydandan kənarlaşdıra bilərdi. Amma Rattin kobudluğa görə deyil, hakimlə mübahisə etdiyi üçün qovuldu. Argentinalı futbolçu komandanın kapitanı kimi yalnız sual vermək istədiyini bildirsə də, alman hakim ispan dilini anlamırdı. Dil baryeri və anlaşılmazlıq böyüyərək ciddi bir qalmaqala çevrildi.

Rattin meydanı tərk etməkdən uzun müddət imtina etdi. Bir çox şərhçilər hakimin bu qərarını meydan sahiblərinə və FİFA-nın o vaxtkı ingilis prezidenti Stenli Rouza edilən bir jest kimi qiymətləndirdilər. Rattinin kənarlaşdırılmasından sonra Argentina matçın böyük bir hissəsini azlıqda keçirməli oldu və Ceff Hərst bu üstünlükdən istifadə edərək qələbə qolunu vurdu.

Gərginlik matçdan sonra daha da artdı. İngiltərə yığmasının baş məşqçisi Alf Remsi futbolçularına formalarını rəqiblə dəyişməyi qadağan etdi və belə bir bəyanatla çıxış etdi: “Argentinalılar vəhşi heyvanlar kimi davranırdılar”. Argentina Futbol Federasiyası bunu milli təhqir sayaraq ingilislərlə bütün əlaqələri kəsdi.

Buna baxmayaraq, komandalar sonralar yenə də qarşılaşdılar. Məsələn, 1974-cü il Dünya Çempionatından öncə “Uembli”də keçirilən yoldaşlıq görüşü 2:2 hesabı ilə başa çatdı.

Folkland müharibəsinin kölgəsi və Maradonanın “Tanrının əli”

1982-ci ildə Argentina ilə Böyük Britaniya arasında baş verən Folkland adaları müharibəsi hər şeyi kökündən dəyişdi. Həmin il İspaniyada keçirilən çempionatda iki komanda üz-üzə gəlməsə də, siyasi gərginlik pik həddə idi. Hətta Argentina televiziya şərhçiləri ingilislərin matçlarını təqdim edərkən “İngiltərə” adını çəkmir, “qırmızı köynəkli komanda” və ya “ağ forma geyinmiş futbolçular” ifadələrindən istifadə edirdilər.

Dörd il sonra, Meksikanın əfsanəvi “Atsteka” stadionunda keçirilən 1/4 final matçı idman tarixinin ən unudulmaz epizodlarından birinə çevrildi. Argentina 2:1 hesabı ilə qalib gəldi və hər iki qolu Dieqo Maradona vurdu: birincisini əli ilə, ikincisini isə meydanın mərkəzindən başlayan möhtəşəm solo reydlə. Harri Lineker İngiltərənin təsəlli qolunu vursa da, komandasının elenməsinə mane ola bilmədi.

Bu matç 1966-cı ilin revanşı kimi qəbul olunurdu. Bu dəfə tunisli hakim Əli Bən Naser Maradonanın əllə oyununu görməyərək Argentinaya “kömək etdi”. Hakim epizoddan uzaq olduğunu, bolqarıstanlı yan xətt hakimi Doçevin isə bayrağını qaldırmadığını bildirərək qolu qeydə aldı. Nəticədə Argentina, 1966-cı ildə İngiltərənin etdiyi kimi, çempionluq kubokunu başı üzərinə qaldırdı.

Bekkhemin qırmızı vərəqəsindən qisas penaltisinə

İki prinsipial rəqibin növbəti dramatik görüşü Fransa-1998-in 1/8 finalına təsadüf etdi. Sent-Etyendəki matç sürətli qollarla başladı: hər iki tərəf penaltidən fərqləndi, ardından gənc Maykl Ouen möhtəşəm solo reydlə İngiltərəni önə keçirdi. Lakin argentinalılar fasiləyə qədər hesabı bərabərləşdirə bildilər (2:2).

İkinci hissədə ingilislər üçün kabus başladı. Danimarkalı hakim Kim Nilsen gənc ulduz Devid Bekkhemi oyundankənar epizodda rəqibə zərbə endirdiyi üçün meydandan qovdu. İngilislərin daha sonra vurduğu qol ləğv edildi və sonda penalti seriyasında məğlub olan İngiltərə turnirlə vidalaşdı.

Dörd il sonra, Yaponiya və Cənubi Koreyanın birgə ev sahibliyi etdiyi DÇ-2002-də İngiltərə qisasını aldı. Maurisio Poçettinonun cərimə meydançasında Maykl Ouenə qarşı etdiyi kobudluqdan sonra İngiltərə yığması penalti qazandı. Topa yaxınlaşan Devid Bekhem zərbəni dəqiq yerinə yetirərək həm komandasına 1:0 hesablı qələbə qazandırdı, həm də DÇ-98- dəki günahını yuyaraq qəhrəmana çevrildi. Bu məğlubiyyətin ardınca Argentina qrup səddini aşa bilməyərək turnirlə erkən vidalaşdı, İngiltərə isə 1/4 finala qədər irəlilədi.

Tarixin yeni səhifəsi

İngiltərə və Argentina arasındaki qarşıdurma sadəcə 90 dəqiqəlik futbol matçı deyil. Bu, siyasət, qisas, hakim səhvləri və unudulmaz dahi anların kəsişdiyi əsl eposdur. İndi isə Şimali Amerikada keçirilən turnirin bu mühüm mərhələsində iki nəhəng növbəti dəfə qarşı-qarşıya gəlir və futbol dünyası bir daha nəfəsini dərib bu böyük duelə tamaşa edəcək.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24