Azərbaycan Premyer Liqası təmsilçisi “Sumqayıt”ın yeni transferi ağır zədə səbəbindən uzun müddətə sıradan çıxıb. Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində baş tutan debüt matçında zədələnən braziliyalı qapıçı Ceymes Almeydanın durumu gözləniləndən qat-qat ciddi olub.
İlkin ehtimallara görə, qolkiperin yaşıl meydanlara təxminən iki ay sonra qayıdəcəyi gözlənilirdi. Lakin təkrar tibbi müayinələrdən sonra vəziyyətin daha mürəkkəb olduğu üzə çıxıb. Ötən ay “kimyaçılar”ın sıralarına qoşulan Almeyda ciddi zədə səbəbindən cari mövsümü ümumiyyətlə buraxmaq təhlükəsi ilə üz-üzə qalıb. Yaranan bu gözlənilməz və ağır kadr itkisindən sonra klub rəhbərliyi dərhal yeni qapıçı axtarışına başlayıb. “Sumqayıt”ın ixtiyarında hazırda yalnız bir səviyyəli qolkiper – Xəyal Fərzullayev var.