Ukrayna Premyer Liqasının II turu çərçivəsində bu həftəsonu keçirilməsi planlaşdırılan “Çernomorets” (Odessa) – “Kolos” (Kovalivka) matçı təxirə salınıb.
“Sky News” xəbər verir ki, buna səbəb Odessa təmsilçisinin ev oyunlarını keçirdiyi stadionun Rusiyanın PUA (pilotsuz uçuş aparatı) hücumuna məruz qalmasıdır. Cümə günü gerçəkləşən hava zərbəsi nəticəsində arenanın dam örtüyünün bir hissəsi, pəncərələr və tribunalar ciddi zədələnib.
Odessa vilayətinin qubernatoru Oleq Kiper hücum zamanı 29 yaşlı qadının qəlpə yaraları aldığını bildirib.
Tutumuna görə Ukraynanın ən böyük idman qurğularından biri olan 34 minlik “Çernomorets” stadionu əvvəllər bir sıra avrokubok matçlarına da ev sahibliyi edib. Məsələn, 2018-ci ildə İsveçin “Yurqorden” klubu Avropa Liqasının təsnifat mərhələsində “Mariupol”a qarşı oyununu məhz bu arenada keçirmişdi.
Təxirə salınan qarşılaşmanın nə vaxt və harada baş tutacağı hələlik dəqiqləşməyib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi 2022-ci ilin fevralından davam etsə də, ölkədə futbol yarışlarının təşkili dayandırılmayıb. Ukrayna Premyer Liqasında yeni mövsümə elə ötən həftəsonu start verilib.