Azərbaycan Basketbol Liqasının VII turunda “Sabah” “Neftçi”ni 93:78 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra komandaların baş məşqçiləri Lazar Spasiç və Kostas Vasiliadis oyunu dəyərləndiriblər.
“Sabah”ın baş məşqçisi Lazar Spasiç qələbədən məmnunluğunu ifadə edib. O, komandasının oyundan-oyuna inkişaf etdiyini vurğulayıb:
“Qələbəyə sevinirəm. Düşünürəm ki, buna layiq idik. Oyunun 30 dəqiqədən çox hissəsində yaxşı təsir bağışladıq. Komandamız hər matçda bir qədər də inkişaf edir və mənim üçün ən vacib məqam budur. Yaxşı təşkilatlanmış rəqibə qarşı oynadıq. Onları da buna görə təbrik edirəm. Rəqibin rotasiya üçün daha iki oyunçusu olsaydı, bizim üçün iş daha çətin keçə bilərdi. “Neftçi” yaxşı komandadır və öz oyun sisteminə malikdir.
Çempionlar Liqasından Azərbaycan Basketbol Liqasına keçidə gəlincə, ilk növbədə iki tamamilə fərqli səviyyəyə uyğunlaşmaq üçün müəyyən vaxt lazımdır. ABL ilə Çempionlar Liqası arasında fərq var. Bununla belə, Azərbaycan çempionatı rəqabətlidir və mən bu turnirə böyük hörmətlə yanaşıram. Rotasiya imkanlarımız da var”, – deyə Spasiç bildirib.
“Neftçi”nin baş məşqçisi Kostas Vasiliadis isə mövsümdə ilk məğlubiyyətlərini aldıqlarını xatırladıb. O, komandasının çoxsaylı səhvlər etdiyini və rəqibin müdafiəsinə lazımi cavab verə bilmədiyini deyib: “Bu, çempionatda mövsümün ilk məğlubiyyətimizdir. Qarşılaşma hazırkı səviyyəmizi qiymətləndirmək baxımından yaxşı fürsət idi. Çünki “Sabah” istedadlı basketbolçuları olan güclü komandadır və heyətində 12-dən çox oyunçu var.
Məncə, çox səhvə yol verdik. Rəqibin müdafiəsinə lazımi şəkildə cavab verə bilmədik. Sərbəst atış imkanlarımız olduğu bir çox epizodda dəqiqlik çatmadı. Buna görə də oyunun belə nəticələnməsi təəccüblü deyil. Bununla belə, əminəm ki, növbəti matçda əvvəlki səviyyəmizə qayıdacaq və daha yaxşı çıxış edəcəyik”, – deyə Vasiliadis qeyd edib.